RU

BDU-nun 105 illik yubileyi çərçivəsində Geologiya fakültəsinin təqdimatı olub

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Geologiya fakültəsinin təqdimatı keçirilib.

BDU-dan Tehsil.biz-ə bildirilib ki, mərasimdə prorektor Fərda İmanov Geologiya fakültəsinin ölkəmizin geoloqlar məktəbinin əsas ocağı olduğunu söyləyib. Bildirib ki, hazırda fakültədə geologiya, geologiya və geofizika mühəndisliyi, mədən mühəndisliyi və meliorasiya mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Həmçinin 4 istiqamət, 11 ixtisaslaşma üzrə magistr, 7 ixtisas üzrə isə fəlsəfə və elmlər doktoru hazırlığı həyata keçirilir.

Sonra Geologiya fakültəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə isə bildirib ki, ötən əsrin 50-ci illərindən fakültə alimlərinin geologiya elminin inkişafında, yüksəkixtisaslı mühəndis-geoloq kadrlarının hazırlanmasında, faydalı qazıntı yataqlarının öyrənilməsində və işlənilməsində müstəsna xidmətləri olub.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov fakültənin tədris, elmi fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Ümumi və tarixi geologiya, Hidrogeologiya və mühəndis geologiyası, Seysmologiya və Yer təkinin fizikası, Faydalı qazıntılar və Kristalloqrafiya, mineralogiya və geokimya kafedraları üzrə aparılan tədris fəaliyyəti zamanı tələbələr praktik fəaliyyətə də cəlb edilirlər. Son illər fakültənin 100-ə qədər məzunu təcrübə keçdikləri şirkətlərdə müsabiqə yolu ilə işə qəbul olunublar.

Daha sonra Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, “Azerbaijan International Mining Company Limited” şirkətinin Geoloji kəşfiyyat şöbəsinin müdiri Anar Vəliyev və I kurs tələbəsi Anaxanım Dadaşova fakültənin ölkənin həyatında oynadığı əhəmiyyətli roldan söz açıblar.

Tədbir fakültənin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.

Избранный
11
tehsil.biz

1Источники