Baş prokuror Kamran Əliyev Azərbaycanda Türk Ədliyyə Təlim Şəbəkəsinin “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan qonaqları salamlayan Baş prokuror tarixi bağları və ortaq dəyərləri olan qardaş və dost türk dövlətlərinin müxtəlif qurumları, o cümlədən prokurorluq və ədliyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib.Baş prokuror Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.11 dekabr 2022-ci il tarixdə İstanbul şəhərində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin (Turkic Judicial Training Network) təsis edilməsinin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğu vurğulanıb.Şəbəkənin üzv ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcəyi və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəyi qeyd olunub.Baş prokuror cari ildə Azərbaycanda keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası - COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurla keçirildiyini bildirib.