RU

Azərbaycanın yaşıl dünya naminə fəaliyyətlərdə özünəməxsus təcrübəsi var

Dekabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə “Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl könüllülər tərəfindən musiqi nömrələri nümayiş etdirilib və süni intellekt vasitəsilə hazırlanmış şəkillərdən ibarət sərgiyə baxış olub.

Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Pantomima Teatrının aktyorlarının ifasında ətraf mühitin qorunması ilə bağlı mesajları özündə əks etdirən tamaşa izlənilib.

Tədbir çərçivəsində könüllülərin fəaliyyətini əks etdirən və COP29 konfransı ilə bağlı təəssüratlarından ibarət videoçarxlar nümayiş olunub.

Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizin qısa müddət öncə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsinə diqqət çəkib. Komitə sədri Azərbaycanın yaşıl dünya naminə həyata keçirilən fəaliyyət çərçivəsində özünəməxsus təcrübəsinin olduğunu əlavə edib. Bildirib ki, Azərbaycan Tərəflər Konfransının üzvü kimi ekoloji proseslərə öz töhfəsini verməklə yanaşı, həm də milli töhfələri təmərküzləşdirməkdə, vahid məcraya yönəltməkdə və hər kəsi əhatə edəcək fəaliyyət planlarının icrasında öncüllük edir.

Komitə tərəfindən artıq bir neçə ildir ki, “Ailəm könüllüləri” layihəsinin həyata keçirildiyini bildirən sədr, könüllü proqramlarının əldə edilən bütün nailiyyətlərin əsas tərkib hissələrindən biri olduğunu deyib.

Cəmiyyət, dövlət və ailələr arasındakı sarsılmaz bağa diqqət çəkən Komitə sədri, bu mühitin hər birinin sağlam olmasının vacibliyini qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təbiətin mühafizəsinin, flora və faunanın, eləcə də biomüxtəlifliyin qorunmasının, sağlam qidalanmanın təmin edilməsinin, sudan qənaətlə və səmərəli istifadənin önəmini vurğulayıb. O, inkişaf etmiş ölkələrdə texnologiyanın və sənayenin yüksək inkişafının fəsadları haqqında da məlumat verib: "İnsanlarda ekoloji mədəniyyət formalaşdırmaq lazımdır. Təhsil sistemində bu sahəyə xüsusi diqqət ayrılmalıdır”. Nazir müavini bildirib ki, yalnız ekoloji tərbiyə və ekoloji mədəniyyətin gücü ilə bilikli və təhsilli gənclik sayəsində bu mənfi təsirlərin həcmini azaltmaq olar. O, müəllimlər üçün yaşıl gələcək, ekoloji tarazlıq mövzularını özündə əks etdirən xüsusi metodiki tədris vəsaitlərinin hazırlandığını və bütün məktəblərdə tədris ilinin ilk dərsinin məhz “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edildiyini diqqətə çatdırıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva COP29 konfransı çərçivəsində gənclərin aktiv fəaliyyətini xüsusilə vurğulayaraq, onların keçirilən tədbirlərə mühüm töhfələrini qeyd edib: “Bizim pavilyonumuzda təkcə könüllü gənclər deyil, könüllü qatılmaq istəyən kifayət qədər şəxslər də var idi. Onları gənclərin bu tədbirlərə və ümumilikdə COP29-a optimist yanaşması cəlb edirdi", - deyə o bildirib. İ.Hacıyeva könüllülərin hər bir təşəbbüsə operativ, dəqiq, peşəkar və gülərüz yanaşmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, biz gələcəyimizi daha optimist və uğurlu görmək üçün təbiəti, suyu, ekoloji tarazlığı qorumalıyıq. İnsan fəaliyyəti daha çox elmə və biliyə əsaslanmalıdır. Çünki düşünülməmiş və elmə əsaslanmamış hər bir addım ağır nəticələrə səbəb ola bilər. Gənclərin bu haqda düşünməsi, siyasi iradə sərgiləməsi, fərdlərin davranış tərzi olduqca vacibdir. İ.Hacıyeva təmsil etdiyi nazirliyin növbəti illərdəki fəaliyyətində ekoloji maariflənmə istiqamətində xüsusi olimpiadaların keçiriləcəyini diqqətə çatdırıb.

Çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərindən danışıb. Qeyd edib ki, iqlim dəyişikliyinin dolayı yolla su və qida ehtiyatlarının, sanitariya imkanlarının azalmasına və nəticədə müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Nazir müavini bu vəziyyətlə mübarizə məqsədilə mümkün tədbirləri qeyd edib, bərpaolunan enerji mənbələrindən istifadənin önəmini vurğulayıb. O, könüllü gənclərin bu sahədə maarifləndirmə işində və ümumi məlumatlılıq səviyyəsinin artırılmasında mühüm rol oynaya biləcəklərini vurğulayıb.

Çıxış edən Milli Məclisin deputatı, COP29-un iqlim çempionu Nigar Arpadarai Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında könüllülərin aktiv fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənə halını aldığını vurğulayaraq, ildən-ilə könüllülərin təşkilatçılığa daha çox cəlb olunduğunu, kommunikasiya bacarıqları ilə daha peşəkar yanaşmalarının müşahidə olunduğunu qeyd edib. Deputat COP29-a könüllü qəbulu elanından sonra 16 min gəncin qeydiyyatdan keçdiyini, 3 min gəncin isə prosesdə iştiraka cəlb edildiyini diqqətə çatdırıb: “Bir gün ərzində 9 min nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçməsi bizi yaxşı mənada təəccübləndirdi. Bu, onu göstərir ki, könüllülərin aktivliyi gözlənildiyindən daha yüksəkdir", - deyə o əlavə edib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev bildirib ki, keçirilən tədbirlərdə Azərbaycan könüllülərinin təkcə izləyici kimi deyil, iştirakçı qismində çıxış etməsi sevindirici haldır. “Bu, dövlətimizin, dövlət başçısının gəncliyimizə verdiyi dəyərin və gənclərimizin də bu qayğını hiss etməsinin nəticəsidir”, - deyən V.Əliyev COP29 dövründə əvəzsiz və aktiv fəaliyyət göstərdikləri üçün könüllülərə təşəkkürünü bildirib.

Çıxışlardan sonra könüllülər tərəfindən dövlət rəsmilərinə ünvanlanan suallar cavablandırılıb, müvafiq qurumların könüllü təşkilatlarının ətraf mühitin mühafizəsinə dair əməkdaşlıq razılaşması səsləndirilib.

Избранный
11
4
xalqqazeti.az

5Источники