RU

Azərbaycan tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir - ŞƏRH

Bakı, 19 dekabr, AZƏRTAC

“Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda qonşu və digər dövlətlərlə müxtəlif sahələrdə bərabərhüquqlu, o cümlədən qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq, həmçinin əlaqələri inkişaf etdirmək kimi ümumi məqsədi tam şəkildə həyata keçirir. Bu mürəkkəb və çoxtərəfli proses çərçivəsində yürüdülən xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli aktoruna çevrilməsinə şərait yaradır. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir”.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

“Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova konseptual müsahibəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, sülh müqaviləsi ətrafında danışıqlar prosesi, regional və beynəlxalq problemlərə dair sualları ətraflı cavablandırdı. Dövlət başçısı müsahibəsində Azərbaycanın uğurlarına kölgə salmağa, rəsmi Bakının müstəqil siyasət yürütməsini gözü götürməyən və buna hər vəchlə mane olmağa çalışan dairələrdən də söhbət açdı. Ölkəmizin yaxın-uzaq qonşuları ilə münasibətlərində üzərinə düşən öhdəlikləri bundan sonra da yerinə yetirəcəyini diqqətə çatdırdı”, - deyə deputat qeyd edib.

Dünyada geosiyasi vəziyyətin həddən artıq qarışıq olduğunu deyən Rəşad Mahmudov əlavə edib: “Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan qonşuları ilə, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərini nəinki qoruyub saxlayır, hətta müttəfiqlik səviyyəsində olan əlaqələrini inkişaf etdirir. 2022-ci ildə Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanmasından sonra dünyanın əsaslı şəkildə dəyişməsinə baxmayaraq, rəsmi Bakı şimal qonşusu ilə yüksək səviyyəli münasibətlərinin güclənməsinə kömək edən istənilən addımları dəstəkləyir. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi toxunaraq vurğuladı ki, dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan-Rusiya əməkdaşlığının xarakterinə və formasına təsir göstərmədi. Belə bir Bəyannamənin imzalanmasını ən mühüm siyasi addım kimi qiymətləndirən dövlət başçısı əlavə etdi ki, bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır”.

Deputatın fikrincə, bu gün hər iki ölkə arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin möhkəmlənməsi və inkişafı tendensiyası müşahidə olunur.

“Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, orta məktəblərdə və ali təhsil müəssisələrində milli dillə yanaşı, rus dilini də tədris dili kimi qoruyub saxlayır. Bundan başqa, regionlararası əməkdaşlıq genişlənir. Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə yaxın əlaqələr saxlayır, şimal qonşumuzun regionları ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur. Təbii ki, yuxarıda sadalananların hamısı Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasında şəxsi etimad münasibətləri və yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində mümkün olmuşdur.

Müsahibədə Prezident İlham Əliyev Ermənistanın və onun donorlarının destruktiv fəaliyyətinə də toxundu. İrəvanın Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığının regional təhlükəsizliyə birbaşa təhlükə törətdiyini bildirən dövlət başçısı Azərbaycanın adekvat tədbirlər görməyə məcbur olduğunu dedi. 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olacağını diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistanın sürətlə silahlanmasının fəlakətə aparan yol olduğunu vurğuladı və İrəvana, eləcə də onun havadarlarına mesaj da göndərdi: “Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar”.

Azərbaycanın Vətən müharibəsində qələbəsi Cənubi Qafqazda siyasi mənzərəni demək olar ki, tamamilə dəyişdi, eyni zamanda, bir sıra dövlətlər və siyasi qüvvələr tərəfindən Azərbaycanın yeni reallıqların formalaşmasında oynadığı tarixi rola Qərbin bəzi dövlətlərinin cavabı ağrılı, hətta isterik reaksiyalara səbəb oldu. Son zamanlar yeni geosiyasi mübarizə fəal şəkildə vüsət alır, bu mübarizədə aparıcı rolu Fransa və ABŞ kimi Qərb dövlətləri və itirilmiş mövqelərini bərpa etməyə çalışan Ermənistanın özü oynayır. Bu proseslərin fonunda Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin Ermənistanda necə revanşist əhvali-ruhiyyəni qızışdırdığını, münaqişənin potensial bərpasına şərait yaratdığını görürük. Buna görə də, Prezident İlham Əliyev müsahibədə ermənilərə aydın şəkildə mesaj göndərdi - Azərbaycan istənilən hərbi təxribata cavab verəcək.

Dövlət başçısı müsahibədə Qərbin bəzi ölkələrinin tənqidlərə alışmadığını, ədalətli iradlara üz çevirməyindən də danışdı. Bu, əlbəttə ki, “qoca qitə”nin eqoizmindən irəli gələn xislətidir. Müstəmləkə torpaqlarının təbii sərvətləri sayəsində bu gün özlərinə həyat yaradan Fransa və onun kimi ölkələr həqiqətləri eşidəndə qıcıqlanırlar. Prezident İlham Əliyev bununla bağlı diqqətə çatdırdı ki, keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Dövlət başçısı bunu qərblilərin şüurunda dərin kök salması ilə əlaqələndirdi”, - deyə R.Mahmudov vurğulayıb.

O qeyd edib ki, bütövlükdə, Prezident İlham Əliyevin tutarlı cavabları və rasional məntiqi regionun gələcək inkişafı ilə bağlı nikbin əhvali-ruhiyyə doğurur. Şübhəsiz ki, Azərbaycan dövləti Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında maraqlı tərəfdir və bu prosesdə ölkəmiz milli maraqlarını qətiyyətlə qorumaqdan çəkinməyəcək. Azərbaycan lideri qlobal düzəni dolğun təhlil etməklə bir daha ölkəmizin qəti mövqeyini nümayiş etdirdi.

Избранный
9
azertag.az

1Источники