RU

Milli kimya elminin yetirməsi

Vaqif Fərzəliyev – 85

Mövlana Cəlaləddin Ruminin dillər əzbərinə çevrilən bir deyimi var: “Hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün kimi ol”. Bu günlərdə 85 illik yubileyini qeyd etməyə hazırlaşdığımız mehriban, səmimi və gözəl insan, akademik Vaqif Fərzəliyev də olduğu kimi görünən azsaylı alimlərdən biridir.

Vaqif müəllimin necə böyük intellektə sahib olduğunu bilmək üçün onun keçdiyi çətin, şərəfli həyat və yaradıcılığının bəzi məqamlarına nəzər yetirmək kifayətdir. Ömrünün böyük bir dönəmini Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və rəhbəri olduğu Aşqarlar Kimyası İnstitutu ilə bağlayan AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi Vaqif Məcid oğlu Fərzəliyev neft kimyası və üzvi kimya sahəsində görkəmli alimlərdəndir. Sıravi aspirantdan institut direktoru və daha sonra AMEA-nın akademik-katibi vəzifələrinədək böyük və şərəfli həyat yolu keçmiş alimin tərcümeyi-halı istedadlı və zəhmətsevər ziyalılar üçün gözəl bir nümunədir.

Vaqif Fərzəliyev 19 dekabr 1939-cu ildə Bakıda anadan olmuş, 1958-ci ildə Bakı şəhəri 189 nömrəli tam orta rus məktəbini, 1963-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə (Lenin təqaüdçüsü olmuşdur) bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun aspiranturasına (doktoranturasına) daxil olmuşdur.

Vaqif Fərzəliyev 1968-ci ildə “Neft kimyası” ixtisası üzrə kimya elmləri namizədi (kimya üzrə fəlsəfə doktoru), 1986-cı ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsi almışdır. O, 1974-cü ildə baş elmi işçi (dosent), 1987–ci ildə isə professor elmi adına layiq görülmüşdür.

Alim 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, 2018-ci ildə Böyük Britaniyanın Oksford Akademik Birliyinin həqiqi üzvü, 2022-ci ildə isə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.

Vaqif müəllim böyük təşkilatçılıq qabiliyyətinə görə 2007-ci ildə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, 2008–2013-cü illərdə AMEA-nın akademik-katibi, 2018-2020-ci illərdə yenidən AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrində işləmişdir.

Akademik V.Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətini yüksək təsirli aşqarların sintezi, tədqiqi və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənilməsi təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin, həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistemli fundamental tədqiqatlar aparır. Son illər Vaqif müəllim fizioloji fəal birləşmələrin sintezi və tədqiqi sahəsində də önəmli tədqiqatlar aparır.

Hörmətli akademikin bilavasitə iştirakı və rəhbərliyi ilə yaradılmış aşqarlar və müxtəlif baza yağları əsasında benzin və dizel mühərrikləri üçün bir sıra sürtkü-kompozisiyaları hazırlanmışdır.

İlk dəfə olaraq Bakı baza yağları əsasında orta gücləndirilmiş və yüksək gücləndirilmiş avtotraktor, gəmi, teplovoz və stasionar dizel mühərriklərində istifadə olunan müxtəlif markalı motor yağları yaradılmışdır.

Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəlmiş elmi tədqiqat işləridir. Hələ SSRİ dövründə rəhbəri olduğu Aşqarlar Kimyası İnstitutu tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılmış və istehsalı təşkil olunmuşdur.

Respublikamız suverenlik əldə etdikdən sonra Vaqif Fərzəliyevin rəhbərliyi ilə Bakı baza yağları və mövcud aşqarlardan istifadə edərək yeni motor yağlarının və digər xüsusi təyinatlı sürtkü yağlarının analoqları yaradılmış, həmin məhsulun istehsalı institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Elmi İstehsalat Birliyində təşkil edilmiş və 100 tonlarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Qeyd olunan xüsusi təyinatlı motor yağlarından Birinci Qarabağ müharibəsində istifadə olunmuşdur.

Sonrakı dönəmlərdə bu xüsusi təyinatlı yağların yeni analoqları yaradılmış, Ukrayna və Azərbaycanın müvafiq qurumlarında uğurla sınaqları keçirilmiş, “Məxfi” qriflə Azərbaycan patentləri ilə müdafiə olunmuşdur.

Strateji material olan xüsusi təyinatlı sürtkü yağlarının yaradılması ölkəmizin müdafiə qüdrətini artırır, xarici ölkələrdən asılılığını azaldır və müdafiə sənayesinin inkişafına yardım edir.

Akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə yerinə yetirilmiş “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür.

Beləliklə, Vaqif Fərzəliyevin elmi fəaliyyətinin nəticələri həm neft kimyası və üzvi kimya elmi istiqamətlərin nəzəri məsələlərinin həllinə, həm də ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə əvəzsiz töhfələr vermişdir.

Vaqif Fərzəliyevin Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Rumıniya, Türkiyə, İran və Hindistanın nüfuzlu jurnallarında 1000-dən çox elmi əsəri dərc olunmuşdur. Öz tədqiqat sahəsi üzrə 250 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara dünya alimləri tərəfindən 5000-ə yaxın istinad edilmişdir. Vaqif Fərzəliyevin H-indeksi 30-a bərabərdir. Bütün bu faktlar onun dünya nüfuzlu alim olduğunu bir daha təsdiq edir.

Rus, ingilis və türk dillərini sərbəst bilən Vaqif Fərzəliyev Azərbaycan elmini yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil edir. O, əsasən ABŞ, İngiltərə, Almaniya, Fransa, Polşa, Macarıstan, Rumıniya, Çexiya, Sloveniya, Bolqariya, İran, Türkiyə, Hindistan, İraq, Rusiya, Ukrayna, Özbəkistan və s. ölkələrdə 210-a yaxın beynəlxalq və ümumittifaq elmi konfrans, simpozium, seminar və müşavirələrdə məruzələrlə çıxış etmiş, bir sıra beynəlxalq konfransın təşkilat komitəsinin üzvü olmuş, dəvətli professor kimi plenar iclaslarda məruzələr etmişdir.

Vaqif Fərzəliyev SSRİ Elmlər Akademiyasının məsləhətçisi kimi İraq Neft İnstitutunda 3 ay və UNESCO-nun məsləhətçisi kimi Hindistan Neft İnstitutunda 6 ay çalışaraq sürtkü yağları və aşqarların yaradılmasının nəzəri və tətbiqi sahələri üzrə mühazirələr oxumuş, aşqarların sintezi və sürtkü kompozisiyalarının işlənilməsi üzrə elmi tədqiqatların təşkili ilə məşğul olmuşdur.

Vaqif Fərzəliyev İngiltərənin Birminhem şəhərində yerləşən Aston Universitetində 3 ay çalışmış, Türkiyənin və İranın elmi mərkəzlərində məruzələrlə çıxış etmişdir.

Akademikin təşəbbüsü ilə Aşqarlar Kimyası İnstitutu bir sıra xarici ölkələrin (Rusiya, İtaliya, Ukrayna, Belarus, Türkiyə, İran, Bolqarıstan) elmi mərkəzləri ilə beynəlxalq əlaqələr yaratmış, dünyanın aparıcı neft şirkətləri (“Lubrizol”, “Shell”, “Unikal-76”, “İnfinium”) ilə elmi-praktiki əhəmiyyətli əməkdaşlıq müqavilələri bağlamışdır.

Vaqif Fərzəliyev öz fəaliyyətində milli kimyaçı kadrların və alimlərin hazırlanmasına da böyük önəm vermişdir. O, 1987-ci ildən indiyədək Azərbaycan Bakı Dövlət Universitetində (BDU) pedaqoji fəaliyyətlə məşğul olmaqdadır.

Akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə 7 elmlər doktoru, 29 fəlsəfə doktoru hazırlanmışdır. Alim doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşmış Şuranın sədridir.

Vaqif Fərzəliyev məhsuldar elmi fəaliyyətlə yanaşı, böyük elmi-təşkilatçılıq işləri də görür. O, Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının “Neft kimyası” üzrə Elmi Şuranın üzvü, “Kimya Problemləri” jurnalının baş redaktoru, “Azərbaycan Ensiklopediyası” və bir sıra elmi jurnalların redaksiya heyətinin üzvüdür.

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna uzun müddət – 36 il ərzində rəhbərlik etmək akademik V.Fərzəliyevin istedadının daha bir dəyərli cəhətini, yəni geniş miqyasda elmi-təşkilatçılıq bacarığını da bariz şəkildə göstərmişdir. Mürəkkəb dövrdə – ölkəmiz üçün yeni olan bazar iqtisadiyyatına keçid dövründə – 1990-cı illərin ortalarında o, bir rəhbər kimi institutun elmi potensialını və ənənələrini qoruyub saxlaya bilmişdir. Elmi qurumlar üçün heç də asan olmayan həmin illər ərzində hər cür çətinliklərə baxmayaraq, institutun yaradıcı kollektivi akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə bütün elmi istiqamətlərdə məqsədyönlü tədqiqatlarını günün tələbləri səviyyəsində davam etdirməyə nail olmuşdur.

Vaqif Fərzəliyevin yüksək səviyyəli elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti hökumət və AMEA rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şərəf” və “Şöhrət” ordenləri, “Fədakar əməyə görə”, “Əmək veteranı”, “BDU-nun 100 illiyi (1919–2019)”, "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)", "Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları, “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı, Azərbaycan Respublikasının Dövlət Mükafatı, AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı və dəfələrlə AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Vaqif Fərzəliyev indi də məhsuldar fəaliyyətdədir. Ölkə və əcnəbi alimlər arasında böyük nüfuza malik akademik Vaqif Fərzəliyev hazırda aşqarlar və yağlar sahəsində elmi axtarışlarını müasir tələblər səviyyəsində, müstəqil Azərbaycanın maraqlarını nəzərə almaqla perspektivli istiqamətlərdə davam etdirir.

Haqqında saatlarla danışa biləcəyimiz Vaqif müəllimin 85 yaşı tamam olur. Məsələ ondadır ki, yaş dəyərli alim və böyük insan olanları təkcə qocaltmır, həm də müdrikləşdirir. Elə ona görədir ki, Vaqif müəllimin yaşı üzərinə yaş gəldikcə daha qürurlu, daha məğrur, daha müdrik olur. Onu belə qürurlu edən isə əlbəttə, keçdiyi çətin, ancaq şərəfli həyat yoludur.

Vaqif müəllimin xoşbəxtliyi, həmçinin ondadır ki, geridə qoyduğu illər onu yaddaşında xeyirxahlığın, yaxşılığın, nəcibliyin və vətənpərvərliyin nümunəsi kimi saxlayır. Bəli, çox insan var ki, yubiley yaşlarında ötən günləri yada salanda təəssüf hissi keçirir. Amma Vaqif müəllim keçdiyi ömür yolunun zirvəsindən geriyə baxanda qürur hissi keçirir. Çünki arxada ona şərəf gətirən illər görünür.

Biz görkəmli alimimizi yubiley yaşı münasibəti ilə təbrik edir, ona cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Arif HƏŞİMOV,
AMEA-nın akademik-katibi

Избранный
12
xalqqazeti.az

1Источники