RU

İrəvanı kimlər yeni müharibəyə hazırlayır? -ŞƏRH

Cənubi Qafqazda çoxdan gözlənilən sülhə mane olmaq cəhdləri, yeni eskalasiya və gərginlik ocağı yaratmaq planları yeni mərhələyə keçib

Ermənistanın sürətlə silahlandırılması artıq heç kimə sirr deyil. ABŞ və Avropa ölkələrindən alınan yardımlar, Rusiyanın kurasiyasında olan Avrasiya İqtisadi İttifaqının yaratdıği imkanlar hesabına və Rusiya ilə ticarət dövriyyəsinin artması sayəsində əldə edilən dövlət gəlirlərinin böyük əksəriyyətini rəsmi İrəvan silahlanmaya yönəldir. Ermənistana Hindistan, Fransa və Amerikadan silah tədarük edildiyi bəllidir. Əvvəllər Fransa bəyan etmişdi ki, guya Ermənistana öldürücü olmayan silahlar - zirehli geyim, dəbilqə və s. tədarük edir. Sonradan isə müasir silahlarla təchiz edilmiş zirehli hərbi avtomobillər və ən müasir artilleriya haubitsalarının tədarük edildiyi bəlli oldu. Məsələn, Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat var. Bu razılaşma Ermənistanın Fransadan 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika satın alması və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair imzaladığı müqavilə ilə başlanan revanşa hazırlıq prosesinin tərkib hissəsi sayılmalıdır.

Göründüyü kimi, regionun destabilizasiyasında ən çox maraq göstərən ölkə - Fransa Ermənistana satdığı silah-sursatın nomenklaturasını genişləndirir, Ermənistan rəhbərliyini revanşizmə təşviq edir. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Bu barədə Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. "Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma, təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir", - deyə Prezident əlavə edib.

Ermənistanın Hindistandan aldığı silahlar da əsasən Fransa lisenziyası ilə istehsal olunan silahlardır. Hindistan Ermənistana 155 milyon dollar dəyərində 84 ədəd artilleriya qurğusunun tədarükünə artıq başlayıb. ATAGS-ın atəş məsafəsi 48 km-dir. 2023-cü ildə Ermənistan 6 ATAGS qurğusu alıb. Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınması üçün daha bir neçə müqavilə imzalayıb. Ermənistan parlamentinin iclasında müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədr müavini Armen Xaçatryan deyib ki, bəli, bizim Ermənistan istehsalı olan silahlarımız var, bəli, bizim kütləvi istehsal silahlarımız var, bəli, hətta 5-ci nəsil seriyalı silahlarımız da var.

Qərbin təhriki ilə Hindistandan silah alınması, Yunanıstanın "S300" raket komplekslərini Ermənistana vermək niyyəti Avropa İttifaqının ölkəmizə qarşı düşmən münasibətinin nəticəsidir. Bu silahlanma Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına, yeni müharibənin başlanmasına aparır. Bütün bunlara rəğmən Azərbaycan sülh prinsiplərinə sadiqdir və regionda əbədi sülhün təmin olunması üçün bütün imkanlardan istifadə etməyə çalışır. Amma baş verənlər fonunda Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesləri də bir çox hallarda birtərəfli şəkildə təqdim olunur. Belə ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın sülh tərəfdarı kimi göstərilməsinə cəhdlər müşahidə olunur. Bu, tarixi faktların birbaşa təhrif olunmasıdır. Ermənistanın Azərbaycan torpaqlarını 30 ildən çox işğal altında saxlaması, bir milyondan çox azərbaycanlının on illərlə qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, Azərbaycanın maddi-mədəni sərvətlərinin talan edilməsi faktları bu çağırışlarda nəzərə alınmır. Halbuki ədalət prinsiplərinin qorunması üçün sülhyaratma proseslərində mütləq bu məsələlər də nəzərə alınmalı və ədalətli yanaşma təmin olunmalıdır.

Azərbaycanın öz torpaqlarını azad etməsi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilən bir proses idi. Respublikamız öz huquqlarından istifadə edərək ərazi bütövlüyünə, dövlət suverenliyinə nail oldu. BMT Təhlükəsizlik Şurasının Ermənistan hərbi birləşmələrinin Azərbaycandan çıxarılması barədə illərlə havadan asılı qalmış dörd qətnaməsi ordumuzun gücü ilə yerinə yetirildi. Buna qədər ölkəmiz münaqişənin sülh yolu ilə, heç bir tərəfdən insan itkilərinə yol verilmədən həlli üçün Ermənistana dəfələrlə çağırış etdi. İllərlə aparılan sülh danışıqlarının heç birindən yayınmadı. Hətta Vətən müharibəsinin ilk günlərindən Ermənistanın labüd məğlubiyyəti artıq görünərkən yeni itkilərin baş verməməsi üçün ona qoşunlarını Azərbaycan ərzilərindən çıxarması, bununla bağlı qrafik verməsi və hərbi əməliyyatların dayandırılması çağırışlarını səsləndirdi. Amma Ermənistan rəhbərliyi, konkret olaraq ölkənin baş naziri Nikol Paşinyan və ətrafındakılar havadarlarının onlara kömək edəcəkləri barədə xam xəyallara qapılaraq bu çağırışlara məhəl qoymadılar. Yalnız Şuşa azad edildikdən sonra artıq dizlərinin yerə gəldiyini görüb faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldılar. Bütün bu faktlar hər kəsə aydın ikən Ermənistanın hazırda sülh tərəfdarı kimi təqdim edilməsi, Paşinyanın demokrat obrazının formalaşdırılması əsl mahiyyəti gizlətməyə xidmət edir. Son illərin prosesləri də bir daha təsdiqləyir ki, Koçaryan, Sarkisyan, Paşinyan və digər şəxslər arasında fərqlər yalnız zahiridir, onların hər biri eyni revanşist siyasəti davam etdirirlər. Paşinyan hökumətinin demokratiya adı altında həyata keçirdiyi siyasət də əslində eyni təcavüzkar mövqeyi davam etdirir. Bu baxımdan Ermənistanın beynəlxalq aləmdə sülh tərəfdarı kimi təqdim olunması süni xarakter daşıyır. Beynəlxalq ictimaiyyətin Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımı aktlarını, Azərbaycan torpaqlarında illərlə vandallıq etməsi, təcavüzkar siyasəti görməzdən gəlməsi regionda daimi sabitlik üçün ciddi maneədir.

Sevinc Azadi, “İki sahil”

Избранный
31
ikisahil.az

1Источники