RU

Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi- “Şlyapa Zahid”in məhkəməsi

Müdafiə Nazirliyinin 42 milyon 234 min manatlıq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Şəhla Abdurəhmanova bildirib ki, hazırda Əmanətlərin Sığortalanması Fondunda çalışır. O bundan əvvəl “Ata Bank”da işlədiyini deyib.

“Şahin-CO” şirkəti (ittiham aktına görə Zahid Niftəliyevin yaratdığı şirkət - red) ilə olan müqaviləni dəqiq xatırlayıram. Çünki, kreditin məbləği 40 milyona yaxın olub”.

O bildirib ki, "Şahin-CO" şirkəti üçün də protokol və ondan çıxarış olub, sonra, şirkətin cari hesabına kredit köçürülüb.

Ş.Abdurrahmanova idarə heyətinin sədri Dəyanət Quliyevlə həmin müqaviləni imzaladığını deyib:

“Müşahidə şurasının sədri protokol və çıxarış hazırlandıqdan sonra müqaviləni imzalamaq səlahiyyətini mənə verib. Protokol, çıxarış, qərar olmadan mən heç nəyi imzalaya bilmərəm", - deyə şahid bildirib.

Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədəki ifadələrində ziddiyyət var. Buna görə də, onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, "Şahin-CO" şirkəti təsis olunan gün ona kredit verilib. Şahid bunu idarə heyətinin sədri Dəyanət Quliyevə dedikdə, ona "sən qarışma, nə deyilir onu da et" deyilib.

Избранный
12
22
aznews.az

10Источники