RU

“Qarışma, nə deyilir onu da et” dedi - Şlyapa Zahidin məhkəməsi

Müdafiə Nazirliyinin 42 milyon 234 min manatlıq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi davam etdirilib.

Turkustan.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Şəhla Abdurəhmanova bildirib ki, hazırda Əmanətlərin Sığortalanması Fondunda çalışır. O bundan əvvəl “Ata Bank”da işlədiyini deyib.

“Şahin-CO” şirkəti (ittiham aktına görə Zahid Niftəliyevin yaratdığı şirkət - red) ilə olan müqaviləni dəqiq xatırlayıram. Çünki, kreditin məbləği 40 milyona yaxın olub”.

O bildirib ki, "Şahin-CO" şirkəti üçün də protokol və ondan çıxarış olub, sonra, şirkətin cari hesabına kredit köçürülüb.

Ş.Abdurrahmanova idarə heyətinin sədri Dəyanət Quliyevlə həmin müqaviləni imzaladığını deyib:

“Müşahidə şurasının sədri protokol və çıxarış hazırlandıqdan sonra müqaviləni imzalamaq səlahiyyətini mənə verib. Protokol, çıxarış, qərar olmadan mən heç nəyi imzalaya bilmərəm", - deyə şahid bildirib.

Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədəki ifadələrində ziddiyyət var. Buna görə də, onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Məlum olub ki, "Şahin-CO" şirkəti təsis olunan gün ona kredit verilib. Şahid bunu idarə heyətinin sədri Dəyanət Quliyevə dedikdə, ona "sən qarışma, nə deyilir onu da et" deyilib.

Müqaviləni Zahid Niftəliyev, Dəyanət Quliyev və Ş.Abdurəhmanova imzalayıb. Şəhla Abdurrahmanova ifadəsini təsdiq edib.

Məhkəmənin növbəti prosesi yanvarın 15-də davam edəcək.

Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.

Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.

Bundan başqa Zahid Niftəliyev "Atabank ASC" dən götürdüyü 42 milyon manat kredit vəsaitinin və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.

Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Избранный
7
22
turkustan.az

10Источники