Bakı, TurkicWorld
"Türkiyə bu mərhələdə Suriyaya qoşun yeritməyəcək. Bunun üçün artıq başqa qüvvələr intensiv şəkildə hərəkətə gətirilib".
TurkicWorld xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə Ordusunun Suriyaya geniş miqyaslı hücuma keçəcəyilə bağlı iddiaları şərh edərkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra daha bir fərqli tablo açılıb:
"Burada olan bütün oyunçular bəziləri yaxşı, bəziləri də pis mənada artıq tam olaraq simalarını ortaya qoya bildi. Burada Türkiyə, ABŞ, İsrail, Rusiya, İran, Səudiyyə Ərəbistanı və xalq olaraq Suriyanın maraqları var. Bəziləri hesab edirdi ki, həmin qüvvələr qarşısında yalnız Bəşər Əsəd qoruyucu və dövlətin unitarlığını saxlayan qüvvədir. Amma bu yanlışdır. Ölkənin 30 faizindən çoxu PKK-nın Suriya qolu olan YPG və PYD tərəfindən işğal olunub. Habelə, Suriya səhrasının bəlli qisminə İŞİD-ə bağlı terrorçu qüvvələr nəzarət edir. Burada ABŞ tərəfindən aktiv dəstəklənən druzlara məxsus qüvvələr də var. İran isə Əsədin devrilməsindən sonra buradan qismən çıxmalı oldu. Digər tərəfdən, Türkiyənin də aktiv şəkildə dəstəklədiyi Azad Suriya Ordusu da var".
Həmsöhbətiiz qeyd edir ki, Əsədin devrilməsindən sonra YPG və PYD qüvvələri gələcək üçün ciddi tətdiddir:
"Bu qüvvələr sadəcə Türkiyə üçün təhdid deyil. Eyni zamanda, Suriya xalqı üçün də təhdiddir. Ölkə əhalisinin azı 70 faizdən çoxu sünnidir. 50 faizi isə ərəblərdən ibarətdir. YPG və PYD təhdidi ABŞ-ın maraqlarına xidmət edir. ABŞ, İsrail və İran Suriyanın parçalanmasında maraqlıdır. Suriyanın parçalanmasında maraqlı olmayan tək dövlət Türkiyə və hazırkı Dəməşq hökumətidir. Hazırkı Suriya hakimiyyəti bütün silahlı qruplaşmaları silahı yerə qoymağa çağırıb. Həmçinin, PYD-yə çağırış ediblər ki, bölgələri müharibəsiz Suriya milli ordusuna təhvil versinlər".