RU

“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə

əvvəlcə BŞTİ-nin “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və “ELSA Azərbaycan” ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqənin finalına vəsiqə qazanmış komandaların (Bakı şəhəri 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseyləri) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib.

Elm və təhsil nazirinin müavini İdris İsayev müsabiqənin gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsi, hüquqi savadlılığın artırılması işinə töhfə vermək məqsədilə keçirildiyini bildirib. Nazir müavini dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində belə müsabiqələrin rolundan, şagird-tələbə əməkdaşlığının uğurlu nəticələrindən danışıb.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib. Sədr müavini müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına inandığını bildirib.

Milli Məclisin deputatı Kamal Cəfərov belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. Deputat müsabiqənin tələbələrin, eyni zamanda, gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynadığını, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrətdiyini söyləyib.

Daha sonra müsabiqənin nəticələri açıqlanıb. 193 nömrəli tam orta məktəb və 291 nömrəli Ekologiya liseyinin şagirdlərindən ibarət komanda final mərhələsinin qalibi seçilib.

Müsabiqənin finalında I, II, III yeri tutan komandalara, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlərə diplom və hədiyyələr təqdim olunub. Ali Məhkəmənin hakimləri və təlimçilər isə təşəkkürnamə ilə təltif ediliblər.

Избранный
2
5
tehsil.biz

6Источники