RU

AQTA-dan saxta içkilərlə bağlı xəbərdarlıq

Yeni il bayramı ərəfəsində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları diqqətli olmağa çağırıb.

"Unikal" xəbər verir ki, bəzi xarici ölkələrlə yanaşı, ölkəmizdə də bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, istehlakçıların da bu məsələdə daha diqqətli olması tövsiyə olunur.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur.

Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var.

Vətəndaşlardan belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Eyni zamanda ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmələri, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etmələri tövsiyə olunur.

Избранный
11
19
unikal.az

10Источники