RU

Məktəblərdə psixoloji zorakılığa qarşı mübarizə yolları necə olmalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Psixoloji zorakılıq yalnız müəllim tərəfindən şagirdinə qarşı edilən neqativ hərəkət deyil". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, istənilən şəxslər arasında psixoloji zorakılıq ola bilər: "Məktəbdən kənar da uşaqlar, hətta böyüklər də psixoloji zorakılığa məruz qala bilər. Psixoloji zorakılığın harada və kimlər arasında olmasından asılı olmayaraq hüquqi cəzası mövcuddur.

Müəllimin şagirdə qarşı etdiyi kinayə, istehza, rişxənd, şəxsiyyətin alçaldılması kimi psixoloji zorakılıq şagirdin səhhətində funksional dəyişikliklərə və məktəbdən uzaqlaşmasına səbəb olur. Çoxsaylı alimlərin araşdırmaları göstərib ki, müəllimlərin zorakılıq hərəkətlərinə məruz qalan ibtidai sinif şagirdləri bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur. Belə zorakılıq uşaqlarda çoxlu problemlər yaradır: aqressiya, natamamlıq kompleksi, qeyri-qənaətbəxş olma hissi, stress və s.

Zorakılığın mənbəyini sevmək, sahiblənmək, qorumağın ("Sənin yaxşılığını istədiyim üçün bunu edirəm", "Səni sevirəm ona görə") əksinə olaraq, güc və nəzarət etmə istəyi təşkil edir. Zorakılıq edən insanın yeganə məqsədi qarşısındakına nəzarət etməklə özünü "güclü" hiss etməkdir. Nəzarət etdiyi şəxs onun üçün sadəcə bir "obyekt"dir.

Psixoloji zorakılıq insanın “mənlik şüuru”nu, özünə olan hörmətini və sevgisini, özünü düzgün qavramasını ciddi şəkildə təxribata məruz qoyur. Zorakılıq edilən şəxs özünü dəyərsiz və ümidsiz hiss edir. Qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur.

Psixoloji zorakılıq uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Bu vəziyyət isə zehni qabiliyyət və məktəb uğurunun azalmasına səbəb olur.

Müəllim tərəfindən psixoloji zorakılığa məruz qalan şagirdin bu vəziyyəti yaxınları ilə bölüşməməsi və ya həyatın reallığı kimi qəbul etməsi bu məsələ ilə bağlı problemlərin mühüm bir hissəsini təşkil edir. Psixoloji zorakılıq nəticəsində zorakılığa məruz qalan uşaq özünə qapanır və depressiyaya meyillilik artır".

"Müəllim haqqında şikayət olduğu halda, məktəb rəhbərliyi məsələni araşdırmalı və müəllimə intizam tədbirləri tətbiq edə bilər. Bu xəbərdarlıq, töhmət və ya işdən azad edilmə formasında ola bilər. Psixoloji zorakılıq ciddi zərərlərə səbəb olarsa, daha dəqiq desək, şagirdin psixoloji sağlamlığına təsir edərsə, müəllim qanun qarşısında cavab verə bilər. Azərbaycanın qanunvericiliyində psixoloji zorakılıq "uşaqların hüquqlarının pozulması" kimi qiymətləndirilir və məsuliyyət tələb edir. Psixoloji zorakılıq faktı sübuta yetirilərsə, müəllim peşə fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilə bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Избранный
7
sia.az

1Источники