RU

Sergey Markov: 2025-ci il Rusiya, Azərbaycan və Ermənistan üçün fürsət ili olacaq - MÜSAHİBƏ

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində 2025-ci ildə Cənubi Qafqazda vəziyyətin inkişaf perspektivləri ilə bağlı proqnoz verib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.

- Gələn il Cənubi Qafqazı hansı çağırışlar, risklər, yeni imkanlar gözləyir?

- İnanıram ki, gələn il Cənubi Qafqazda və ümumilikdə geosiyasi vəziyyətdə çox şey Rusiya ilə ABŞ arasında münasibətlərdən, yeni seçilmiş prezident Donald Trampın beynəlxalq vəziyyətin müxtəlif aspektləri ilə bağlı hansı mövqedən çıxış etməsindən asılı olacaq.

Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, Cənubi Qafqaza fəal təsir göstərməyəcək. Bu da region üçün yaxşıdır. ABŞ-ın Aİ ilə birlikdə Baydenin rəhbərliyi altında Zaqafqaziyada Rusiyaya qarşı Ermənistanı dəstəkləmək və Gürcüstanda sabitliyi pozmaq üçün çox işlər gördüyü səbəbindən yaranmış olan gərginlik azalacaq. Azərbaycana təzyiq olanda da Bakı ilə Vaşinqton arasında münasibətlər, İlham Əliyevin özünün də əvvəllər qeyd etdiyi kimi, gərginlik yaşayır.

Donald Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq. Və əgər o, Ukrayna ətrafındakı vəziyyətin həllinə kömək edə bilsə, o zaman Moskvanın Cənubi Qafqazda daha çox fəallıq üçün imkanları daha da artracaq. Bu o deməkdir ki, Azərbaycanın regionda mövqeyi güclənəcək, çünki Rusiya Federasiyası regionda Azərbaycanla faktiki müttəfiqlik münasibətlərinə malikdir. Və bu və ya digər dərəcədə Rusiyanın Ermənistanla böhranlı münasibətləri davam edəcək.

Məlumdur ki, Fransa prezidenti Emmanuel Makron Zaqafqaziyada aktiv siyasət yürütməyə çalışır. Lakin Trampın Fransa prezidentinə qarşı kifayət qədər tənqidi münasibəti var. Onların arasında ziddiyyətli münasibətlər isə Makronun Cənubi Qafqazdakı fəaliyyətinin azalmasına səbəb ola bilər. Bu mümkün olsa da, əksinə, ABŞ-ın regiona diqqətinin azalması fonunda Paris bütün Qərb ölkələrinin regionda maraqlarının təşviqində lokomotivinə çevriləcək. Və bu, aktiv şəkildə nümayiş etdiriləcək, silah tədarükü davam edəcək, Makron vəziyyəti elə göstərəcək ki, guya Ermənistanı Avropa İttifaqına daha da yaxınlaşdırmaq üçün hər şeyi edir. Bütün bunları təbii ki, region üçün çağırışlar adlandırmaq olar. Əbəs yerə deyil ki, Bakı mütəmadi olaraq Parisə və ümumilikdə Qərb ölkələrinə xəbərdarlıq edir ki, onlar nəhayət Ermənistanı hərbiləşdirməyə son qoysunlar. Təbii ki, Azərbaycan bunu düşünülmüş təxribat kimi qələmə verir. Axı Ermənistan işğalçı dövlətdir. Bu o deməkdir ki, belə bir dövlətin bir dəfə etdiyinə bir daha cəhd edilməyəcəyinə zəmanət yoxdur.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Trampın çevrəsində kifayət qədər çox erməni lobbiçi var. Bu isə Tramp administrasiyasının “periferiyasında” ermənipərəst təxribat fəaliyyətinə töhfə verə bilər. Yəni, seçilmiş prezidentin administrasiyasındakı məmurlardan biri Zaqafqaziyada heç onunla razılaşdırılmayan bir şeyin arxasınca düşə bilər.

Trampın dövründə bu dialektikanın belə olacağını gözləmək olar: gəlin Cənubi Qafqaza keçək, Ermənistanı Rusiyadan uzaqlaşdıraq ki, Moskvaya pis nəsə edək və bunun üçün Azərbaycanla da dalaşaq, düzdür, bu, çətin ki, ciddi nəticə versin, amma heç olmasa Rusiya və Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə zəifləyə bilər.

Anlamalıyıq ki, regiondakı vəziyyətə ABŞ-la Türkiyə, Tramp və Ərdoğan münasibətləri də təsir edə bilər. Tramp və Ərdoğan sərt adamlardır. Bir-birlərinə hörmət edirlər. Amma son nəticədə Amerika-Türkiyə münasibətləri ya dostluq, ya da çəkişmələr və qarşıdurmalar şəklini alacaq. Amma həm Tramp, həm də Ərdoğan suverenlik tərəfdarı olduqlarına və hər ikisi Avropa bürokratiyasını tənqid etdiyinə görə, iki lider arasında anlaşılmazlıqdan daha çox qarşılıqlı anlaşma üçün əsas var.

Bundan əlavə, buraya Yaxın Şərqdəki vəziyyət əlavə olunur. Tramp siyasi istiqaməti üçün, görünür, bu region ənənəvi olaraq Transqafqazdan daha yaxın olacaq. O, şübhəsiz ki, İsrailin İrana qarşı sərt addımlarını dəstəkləyəcək. Və bu, İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatına səbəb ola bilər. Bu isə Cənubi Qafqaz üçün ciddi çağırışdır.

- Bəs Tramp dövründə ABŞ-ın Ermənistana dəstəyi əhəmiyyətli dərəcədə azalsa, Nikol Paşinyan nə edəcək?

- Paşinyan fasilə verə bilər. Yaxud Qərbdə dəstək qazanmaq və Bakı ilə sülh sazişi üzrə real danışıqlar masasına əyləşmək cəhdlərindən məyus ola bilər.

Beləliklə, növbəti ilin qlobal və regional münaqişələrdə sülhün bərqərar olunmasında müsbət il, fürsət ili olacağı proqnozlaşdırılır. Burada bir çox amillər rol oynayacaq. Ancaq üstünlük verilən mesaj müsbətdir. Xüsusilə də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilkin şərtləri təmin edir.

Unutmaq olmaz ki, Azərbaycan prezidenti ABŞ-ın daxili işlərinə qarışmadan yumşaq formada Amerika seçkiləri öncəsi Tramp haqqında çox müsbət fikirlər səsləndirdi. Bu isə o deməkdir ki, Tramp Azərbaycana müsbət münasibət bəsləyir.

Amma Paşinyan daha çox demokratlarla ortaq dil tapır. İlham Əliyev - Nikol Paşinyan cütlüyündə isə Tramp Azərbaycan prezidenti ilə münasibətlərə üstünlük verir və ona hörmətlə yanaşır.

Gələn il Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ehtimalı da var. Amma məsələ İrəvanın Azərbaycana qarşı ərazi iddialarını Ermənistan Konstitusiyasından çıxarmasındadır. Paşinyan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirsə, o zaman Bakı ilə İrəvan arasında sülh imzalanacaq.

- Paşinyan qərbyönlü vektorunu davam etdirəcəkmi?

- Bu dəqiq məlum deyil. O, əlbəttə, ideoloji baxışlarında qərbyönlü vektoru davam etdirəcək. Paşinyan hələ də Qərbdən real dəstək gözləyir.

Trampın gəlişi ilə, dediyim kimi, Rusiyanın Qərblə problemlərinin azalması ehtimalı var. Və o zaman Paşinyan Qərbin onu dəstəkləməməsindən məyus olmalı olacaq. Beləliklə, Ermənistanın baş nazirinin Moskva, Vaşinqton və Brüssel arasında oynamağa davam etməkdən başqa yolu qalmayacaq.

Bundan əlavə, çox güman ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmayacaq.

Qərb liderlərinin əsas marağı Ermənistanın KTMT-dən çıxması deyil, İrəvanın özlərinin agenti olması və KTMT-ni daxildən məhv etməsidir.

Bütün bunların fonunda Azərbaycan Cənubi Qafqazda yeganə sabit dövlət olaraq qalır. Və gələn il bununla bağlı heç nə dəyişməyəcək. Bakı isə öz gündəmini irəli sürən dövlət, fəal, təşəbbüskar, əsasən gündəmi yaradan, eləcə də xarici çağırışlara cavab verən dövlət mövqeyində qalacaq və beynəlxalq statusunu yaxşılaşdırmağa davam edəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Избранный
2
2
sesqazeti.az

10Источники