Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə “Media Savadlılığı” Həftəsi davam edir.
Bu barədə Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda "Media Savadlılığı" Həftəsinin elan olunması aktual məsələdir:
“Çünki intellektin, medianın funksionallığının, maarifləndirilməsinin, imkanlarının həddi-hüdudu yoxdur. Bu kontekstdə həm intellektual kontent yaratmaq, həm də medianın imkanlarından səmərəli istifadə baxımından "Media Savadlılığı" Həftəsinin keçirilməsi olduqca vacibdir. Bu, bir növ milli mediamızın özünün öz fəaliyyətini qiymətləndirməsi həftəsi olacaq və diqqət etsək, görəcəyik ki, vacib məsələdir. Nəticə etibarilə, belə həftələrdə bu dövrə qədərki fəaliyyətin hesabatı, təhlili, analizi, çatışan və çatışmayan məsələlər müzakirə olunmalıdır. Növbəti mərhələ üçün isə arxada buraxdığımız dövrdə yol verilən səhvləri təkrarlamamaq şərti ilə, daha yaxşı, faydalı, səmərəli iş qurmaq üçün səfərbər olmaq məqsədilə görüləcək işlər müəyyənləşdirilməlidir. Hazırkı mərhələdə Azərbaycan mediası özünün inkişaf mərhələsini yaşayır. Çünki mediaya artıq yeni nəsil gəlməkdədir. Müstəqillik dövrümüzün yeni nəsli bu gün qlobal medianın dilini daha dərindən bilən, ondan mühüm universal alət kimi peşəkarcasına istifadə etməyi bacaran yeni nəsildir. Bəs bu yetərlidirmi? Məncə, deyil. Azərbaycan mediasında bu gün təhlil, analiz var, amma bunların keyfiyyəti cəmiyyəti və ya informasiya istehlakçısını qane edir? Düşünürəm, burada müəyyən suallar yaranır. Həmişə də belə olacaq. İnformasiya istehlakçısı da, onun intellektual göstəriciləri də, savadlılığı da mediaya paralel olaraq daim inkişaf edir. Nəzərə almaq lazımdır ki, bu qarşılıqlı münasibətlərdə lokomotiv media olmalıdır. İstər maarifləndirmədə, istər cəmiyyətin informasiya tələbatının qarşısının alınmasında lokomotiv subyekt mediadır. Lokomotiv olmaq üçün isə hər şeydən öncə özünü inkişaf etdirmək lazımdır ki, cəmiyyəti arxasınca apara bilsin. Cəmiyyət medianı arxasınca aparmır, media cəmiyyəti arxasınca aparır. Media institutundan danışanda mütləq onun maarifləndirmə funksiyasından, cəmiyyətdə, ictimai münasibətlər sistemimizdə, informasiya mühitimizdə lokomotiv rolundan danışırıq”.
Deputat təəsüflə bildirib ki, Azərbaycanda tənqidə dözümlülük arzuolunan səviyyədə deyil: “Bunun da müxtəlif səbəbləri var. Ən başlıca səbəblərindən biri obyektiv təniqidin daha da inkişaf etdirilməməsidir. Əksər hallarda az da olsa, qərəzli, şantajyönlü tənqidlərə rast gəlirik. Bütün hallarda tənqid açıq, şəffaf, obyektiv olacaqsa, bu, tənqid olunanların özləri tərəfindən də müsbət qarşılanacaq. Nəhayət, bu da təkcə medianın fəaliyyəti ilə deyil, həm də medianın tənqid etdiyi təbəqənin reaksiyası ilə bağlı olduğu üçün əminəm ki, bu mərhələni də yeni keyfiyyət dövrünə daşımağı bacaracağıq”.
Aytəkin Qardaşova