ABŞ Pakistanın ballistik raket proqramına töhfə verdikləri üçün dörd təşkilata sanksiya tətbiq etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada, Pakistanın Milli İnkişaf Kompleksi (NDC), A”khtar and Sons Private Limited, “Affiliates International” və “Rockside Enterprise” təşkilatlarının sanksiya siyahısına daxil edildiyi açıqlanıb.
Açıqlamada sözügedən təşkilatların Pakistanın ballistik raket proqramının inkişafı üçün material tədarük etməyə çalışdıqları iddia edilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X" sosial media platformasında verdiyi açıqlamada, "Biz narahatlıqlarımız barədə açıq və tutarlı olduq. Bu mövzularda Pakistanla konstruktiv əlaqə saxlamağa davam edəcəyik" deyib.
“Geo News” xəbər verir ki, Pakistan ABŞ-nin bu təşkilatlara qarşı sanksiya qərarına reaksiya verib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç ABŞ-nin qərarını qərəzli adlandırıb:
"Hərbi asimmetriyanı vurğulamaq məqsədi daşıyan bu sanksiyalar sülh və təhlükəsizlik məqsədinə ziddir".