2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 628 milyon ABŞ dolları dəyərində 610 min ton meyvə-tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 2.1% və ya 13.2 milyon dollar, həcmi isə 4.9% və ya 31.7 min ton azalıb. 2023-cü ilin 11 ayında Azərbaycan 641 milyon 188 min ABŞ dolları dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 155.4 milyon dollar dəyərində pomidor (129.8 min ton) , 115.9 milyon dollar dəyərində meşə fındığı (18.3 min ton), 86.5 milyon dollar dəyərində xurma (120.3 min ton), 53.2 milyon dollar dəyərində alma (66.9 min ton ), 25.8 milyon dollar dəyərində nar (29.4 min ton), 20.5 milyon dollar dəyərində kartof (48.2 min ton) olub.
Xatırladaq ki, cari ilin yanvar-noyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.58%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20.32%-ə bərabər olub.