Demokratiya, insan haqları mövzusunu müxtəlif ölkələrə təzyiq aləti kimi istifadə edən Fransa özü müasir dünya siyasətində utancverici hal sayılan neomüstəmləkəçilik siyasətini davam etdirir. Fransa müstəmləkə ərazilərində yerli əhaliyə qarşı ayrı-seçkilik həyata keçirir, həmin ərazilərdə əhalinin sosial iqtisadi problemlərini nəinki həll etmir, əksinə, bilərəkdən dərinləşdirir. Eyni zamanda yerli əhalini sıxışdırmaq və demoqrafik vəziyyəti tamamilə dəyildirmək üçün müstəmləkə ərazilərinə fransızları köçürür.
Bu yaxınlarda Mayot adalarında baş verən qasırğa zamanı Fransa hökumətinin Son zamanlart Fransanın bu siyasətinə qarşı etiraz dalğası yüksəlir.
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri və politoloqlarla araşdırıb.
Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib ki, Emmanuel Makron başda olmaqla Fransa hakimiyyətinin müstəmləkə ərazilərində yerli əhaliyə qarşı ayrı-seçkilik həyata keçirməsi yürüdülən siyasətin bütün mahiyyətini özündə əks etdirir: “Fransanın bu gün insan haqlarından, demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. Fransa yeni müstəmləkəçilik siyasətini müxtəlif formada həyata keçirir. Bunların cərgəsində həmin ərazilərin sosial-iqtisadi inkişafına mane olmaq, ətraf mühiti çirkləndirmək, dillərinin inkişafına mane olmaq, sıradan çıxarmaq və həmin ərazilərdə demokrafik şəraiti dəyişməkdən ötrü fransızları köçürməkdir. Bütün bunlar Fransanın götürdüyü, imzaladığı beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərin pozulmasıdır. Fransanın heç bir yerdə insan haqlarından danışmağa mənəvi haqqı yoxdur”.
“Bu, mənfur bir fəaliyyətin göstəricisidir”
Politoloq Tofiq Abbasov müstəmləkə siyasətinin göstəricilərindən danışaraq bildirib ki, ayrı-seçkilik, milli, irqi, dini zəmində kimlərisə aşağılamaq, əsarətdə saxlamaq kimi neqativlər məhz müstəmləkəçilik dövrünün qalıqlarıdır: “Fransa və ona bənzər bir neçə ölkə 2-3 əsr bundan əvvəl olan ənənələri yenidən gündəmə gətirirlər ki, başqalarının hesabına varlansınlar, sonra bütün paxırlarını, zərərli fəaliyyətlərinin qalıqlarını dənizaşırı adalara köçürsünlər”.
O vurğulayıb ki, bu, yolverilməz, mənfur bir fəaliyyətin göstəricisidir: “Çünki biz indi görürük ki, dünyada iqlim problemləri kəskin şəkildə gündəmə gəlir. Dünyada hər hansı bir nöqtədə təbii bir fəlakət baş verirsə, texnogen fəaliyyət nəticəsində qəzalar ortaya gəlirsə, insanlar başqa yerlərdə də onun mənfi, zərərli təsirlərini hiss edirlər. Yəni burada demək olmaz fransızlar bundan məlumatsızdırlar. Onların fəaliyyəti nəticəsində müstəmləkə ərazilərinin sakinləri inciyirlər, bu proseslərdən zərər çəkirlər. Yalnız nəticə birdir, müstəmləkə siyasəti, onu yeniləşdirənlər, neomüstəmləkəçilik və onu yenidən gündəmə gətirənlər çalışırlar özləri üçün yaxşı şərait yaratsınlar, yüngül qazanc əldə etsinlər, amma digərlərinə problem yaratsınlar. Əlbəttə ki, bu işlər yolverilməzdir. Biz görürük ki, burada Azərbaycan dövlətinin mövqeyi nə dərəcədə sağlam və barışmazdır. Biz prinsipial yanaşma sərgiləməklə də demək olar ki, Fransanın bu cinayətgar fəaliyyətinin üstünü açırıq, onu ifşa edirik. Təsadüfi deyil ki, BMT səviyyəsində Bakı Təşəbbüs Qrupu yaranıb. Onlar məhz çox vacib bir istiqamətdə blokada qururlar. Söhbət informasiya blokadasından gedir. Çünki cinayətkar siyasət aparanlar, qeyri-qanuni işlərə qol qoyanlar həmişə çalışırlar ki, o işlərin hamısını pərdələsinlər, ört-basdır etsinlər və məlumatı boğsunlar ki, dünya birliyi bu haqda agah olmasın. Ancaq bu, yolverilməz işdir”.
“Bu yolu sonadək getməliyik”
T.Abbasov diqqətə çatdırıb ki, ona görə də Azərbaycanın yaratdığı bu təşəbbüs qrupu məhz BMT-nin tribunasından bu proseslərə işıq salır: “Onların üzərinə ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyətlərinin prinsipial baxışını yönəldir. Bu, çox vacib bir işdir. Fransızlar, onların yolu ilə gedən digər avropalılar, müstəmləkəçilər, neoimperialist qüvvələr anlasınlar ki, əgər onların yolverilməz fəaliyyəti barədə məlumatlar dünyada yayılırsa, deməli, nə vaxtsa kimsə o fəaliyyətə görə onları məsuliyyətə cəlb edəcək, onları sanksiyalarla üz-üzə qoyacaq. Bu işdə biz o yolu ki, açmışıq o yolla hərəkətimizə davam edirik və o yolu sonadək getməliyik”.
“Digər ölkələr də bu kampaniyaya dəstək versin”
Politoloq həmçinin əlavə edib ki, biz Ermənistana dəfələrlə demişik ki, Metsamor atom-elektrik stansiyası artıq fəlakət zonasına çevrilib və o bütün ətraf mühitə, dövlətlərin hamısına təhlükə kəsb edir: “Ermənistan bu məsələyə etinasız yanaşır, bizim iddiaları görməməzliyə vurur. Onun səviyyəsində olan Fransa da bu işlərlə məşğuldur. Odur ki, belə işlərə göz yummaq olmaz. Əsas məsələ ondan ibarətdir ki, burada prinsipiallığı sonadək nümayiş etdirmək, yalançını evinə qədər qovmaq lazımdır. Çalışmaq lazımdır ki, onların mənfur istəkləri baş tutmasın. Azərbaycanın başladığı bu kampaniya son dərəcə aktual, vacib, fövqəladə bir kampaniyadır və gərək ona çoxsaylı qüvvələr qatılsın, digər ölkələr də bu kampaniyaya dəstək versinlər. Belə olsa, biz həqiqətən də Fransanın, Niderlandın digər ölkələrin də təhlükəli fəaliyyətlərinin qarşısını ala biləcəyik”.
“Bu heç bir insanlığa sığmayan siyasətdir”
Politoloq Elman Telmanoğlu Fransanın dünyanın ən böyük müstəmləkə siyasəti yürüdən dövlətlərindən biri olduğunu vurğulayıb: “Müstəmləkə -başqa dövlət tərəfindən idarə olunan asılı ərazilərə verilən addır. Çağdaş dövrdə hələ də müstəmləkə siyasətini amansızcasına yürüdən Fransa, öz müstəmləkəsinə çevirdiyi dövlətlərin bütün hüquqlarını əllərindən alıb. Fransanın müstəmləkəçilik siyasəti əhatəli və tarixi mövzudur. Onların bu siyasəti əsasən XIX əsrin əvvəllərindən başlayaraq indiki dövrə qədər davam edir. Bu dövr ərzində Fransa, Afrika, Asiya və Okeaniya bölgələrində müstəmləkələr yaradıb”.
O əlavə edib ki, Fransa müstəmləkə ərazilərində yerli əhaliyə qarşı ayrı-seçkilik həyata keçirir və sosial-iqtisadi problemləri bilərəkdən dərinləşdirir: “Fransanın müstəmləkə siyasəti, bu ərazilərdə yaşayan insanların hüquqlarının pozulması, milli adət-ənənələrindən uzaqlaşdırəlması, təhsil hüquqlarının məhdudlaşdırılması, sosial-iqtisadi inkişafın qarşısının alınması və fransızların həmin ərazilərə köçürülməsi yerli əhalinin həyat şəraitini pisləşdirir. Bu, onların hüquqlarını məhdudlaşdırmaqdır. Bu siyasət həmçinin yerli əhalinin dillərinin inkişafına mane olmaq, ətraf mühiti çirkləndirmək və demoqrafik şəraiti dəyişdirməyi əhatə edir. Fransanın bu siyasəti heç bir insanlığa sığmayan siyasətdir və bunun da məntiqli sonu yaxın gələcəkdə olacaq. Ən maraqlısı isə budur ki, onlar öz müstəmləkəçiliklərində saxladıqları milyonlarla insanın hüquqlarını pozaraq, başına açdıqları bu haqsızlıqları görməzdən gələrək XIX əsrin əvvəllərində ordan-burdan məqsədyönlü formada Qafqaza yerləşdirilən “bacılar”ının “hüquqlarını” qorumaq istəyirlər”.
Röya İsrafilova