RU

Bakı kəndlərinə niyə yeni avtobuslar verilmir? - EKPSERT VƏ QURUMDAN AÇIQLAMA

"Bakı kəndlərinin marşrut problemlərinin həllinə müəyyən dərəcədə dəstək olmaq, çıxış yolunu tapmaq üçün aidiyyatı dövlət qurumları bu barədə müəyyən işlər görürlər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, bununla bağlı artıq Bakı kəndlərinin bir çox istiqamətləri üzrə yeni avtobuslar verilir: "Abşeron rayonu istiqamətində və yaxud ona bitişik kəndlərdə isə bu proses ləngiyir. Buna səbəb infrastrukturun yenilənməsi, yolların yenidən çəkilməsidir. Bunlara ehtiyac var. Bu səbəbdən də proses ləngiyir".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir: "Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb. Yeni marşrut şəbəkəsinin tətbiqinə ilk olaraq Bakı şəhərinin kənd və qəsəbəlirindən başlanılıb.

Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb.

2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun da sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2300-ü ötüb. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir".

Müəllif: Seyranə Quliyeva
Избранный
3
5
sia.az

6Источники