RU

Yeni iqtisadi modelin ƏSAS ŞƏRTLƏRİ – Azad sahibkarlığın inkişafı üçün hansı addımlar ATILIR?

Azad sahibkarlıq iqtisadi fəaliyyətin azad və rəqabət şəraitində həyata keçirilməsini nəzərdə tutan bir yanaşmadır. Burada dövlət müdaxiləsi minimum səviyyəyə endirilir, sahibkarlara bazar şərtlərində sərbəst fəaliyyət göstərmək imkanı verilir. Bu yanaşma sahibkarların yaradıcı gücünü, yenilikçi fikirlərini və fərdi təşəbbüslərini sərbəst şəkildə reallaşdırmalarına şərait yaradır, nəticədə, iqtisadi inkişaf sürətlənir və əmək bazarında daha çox iş yeri yaranır.

Liberal iqtisadiyyat iqtisadiyyatın azad bazar prinsipləri əsasında fəaliyyət göstərdiyi bir sistemdir. Burada da əsas məqsəd dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək və bazarın özünü tənzimləmə funksiyasını təmin etməkdir. Liberal iqtisadiyyatda qiymətlər, istehsal və xidmətlər təklifinin tənzimlənməsi, əsasən, bazar qüvvələri vasitəsilə həyata keçirilir. Bu yanaşma rəqabəti artıraraq resursların daha səmərəli istifadəsini təmin edir.

Azad sahibkarlıq və liberal iqtisadiyyat, həmçinin fərdi azadlıqları və özəl mülkiyyət hüquqlarını qorumaqla insanların öz iqtisadi məqsədlərinə çatmağına imkanlar yaradır. Bu yanaşmalar həm də ölkələrin iqtisadi böyüməsini təşviq edir, xarici investisiyaları cəlb edir və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına səbəb olur. Beləliklə, azad sahibkarlıq və liberal iqtisadiyyat, iqtisadi inkişafın dayanıqlı və uzunmüddətli olmasına zəmin yaradır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycanın iqtisadi sahədə siyasətinin prioritet istiqamətlərindən biri də məhz qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın və özəl sektorun ölkə iqtisadiyyatında rolunun artırılmasıdır:

“Bu istiqamətdə çox böyük işlər görülür, dövlət tərəfindən təşviqedici addımlar atılır. Kənd təsərrüfatının, turizmin, sənayenin və ümumilikdə iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün xüsusi dövlət proqramları mövcuddur. Vergi güzəştlərinin tətbiq edilməsi kimi təşviqedici addımlar özəl sektorun stimullaşmasını təmin edir. Hər il ÜDM-də özəl sektorun xüsusi çəkisinin daha da artması təsadüfi hal deyil”.

“Məmur və yersiz müdaxilələrin, eyni zamanda, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, uzunmüddətli yoxlamaların dayandırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahibkarlığın inkişafını təmin edən amillərdir. İqtisadiyyatın əsas qolu olan kənd təsərrüfatının, turizmin, yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində gələcəkdə perspektivlər mövcuddur. Əlavə olaraq, yeni texnologiyalara diqqətin artırılması həm məşğulluğu, həm də iqtisadi inkişaf daha da yüksəldə bilər”, – deyə o bildirib.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, iqtisadiyyatın canlanması və liberallaşdırılması üçün yeni liberal qaydaların tətbiqinə, vergi və gömrük məcəlləsinə təcili ehtiyac var:

“Düzdür, 2016-cı ildən bəri Vergi Məcəlləsinə dəfələrlə dəyişiklik edilib. Bu, artıq bütövlüyü və məntiqi az qala pozub. Ona görə də yeni vergi və gömrük məcəllələrinə ehtiyac var. İqtisadi inkişafa xüsusi diqqət ayrılması ilə, yəqin ki, dövlət tərəfindən tezliklə bu qaydalar qəbul olunacaq. Yəni daha yumşaq, daha asan həyata keçirilən qaydalar mövcud olmalıdır”.

“Eyni zamanda, Rəqabət Məcəlləsi qəbul olundu. Çünki liberal iqtisadi münasibətlər üçün rəqabət çox mühüm faktordur. Bu məcəllənin tətbiqi üçün sürətli addımlar atılmalıdır. Təbii olaraq, məcəllənin qəbul olunması özlüyündə çox yaxşı və pozitiv inkişafdır. Amma bunun tətbiqi ilə bağlı hələ də müəyyən prosedur problemlər var. Bir sözlə, rəqabətin gücləndirilməsi, gömrük və vergi qanunvericiliyinin liberallaşdırılması, daha asan və daha tez həyata keçirilən formaya salınması, nəticə etibarilə, iqtisadiyyatda yeni canlanmaya səbəb olacaq”, – mütəxəssis fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

Избранный
5
yenicag.az

1Источники