Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 331 nömrəli körpələr evi-uşaq bağçasında uşaqlara verilən xörəklərin standartlara uyğun olmadığı iddia edilir.
KONKRET.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə bir qrup valideyn tərəfindən daxil olan məlumatda deyilir.
Valideynlər iddialarında, hətta bəzi xörəklərin köhnə olduğu, həmin xörəklərdən köhnəlmiş qoxu gəldiyi kimi fikirlər səsləndirirlər. Buna görə də onlar uşaqlar tərəfindən həmin yeməklərin qəbulundan ciddi narahatlıqlarını ifadə ediblər.
Onlar, həmçinin bağçada uşaqlara heç bir meyvə verilmədiyini bildiriblər. Məsələ ilə bağlı bir neçə dəfə həm nazirliyə, həm də idarəyə müraciət etdiklərini bildirən valideynlər söyləyir ki, məhz müraciətdən sonra uşaqlara verilən xörəklər yaxşılaşır. Amma üzərindən bir həftə keçəndən sonra vəziyyət yenə əvvəlki duruma qayıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 331 nömrəli körpələr evi-uşaq bağçasında qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Bununla yanaşı qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların qidalanmasının düzgün təşkili və müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilməsi hallarına xüsusi nəzarət edilir. Məktəbəqədər təhsil müəssisələrində qidalanmaya nəzarət məqsədilə vaxtaşırı monitorinqlər keçirilir.