RU

Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri

Deputat: “Ermənistan ərazisindən Azərbaycana təhlükə yaradacaq hərbi obyektlər bizim üçün legitim hədəflərə çevrilir”

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova geniş müsahibəsində bir çox məsələlərlə bağlı fikir bildirib, müəyyən dairələrə mesajlar verib. Ölkə başçısının açıqladığı əsas nüanslardan biri Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, sazişin imzalanmasına əngəl yaradan amillər olub. İ.Əliyev jurnalistin “bir vaxtlar elə görünürdü ki, sülh sazişi tezliklə bağlanacaq. Bəs o, niyə bağlanmır?” sualına cavabında deyib ki, sülh sazişi üzrə böyük irəliləyiş əldə edilib: “Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın Baş naziri Nikol Paşinyanla sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər. Mən bizim şərtlərimizi nəzərdə tuturam. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir”.

“Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”, - deyə Prezident açıqlayıb.

Azərbaycan lideri həmçinin erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqamı da diqqətə çatdırıb: “Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. Burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk Qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk Qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk Qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, Minsk Qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir. Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq”.

İ.Əliyev Ermənistanın silahlanmasının qəbul edilməz olduğunu, erməniləri silahlandıran ölkələrin buna yol verməməli olduqlarını da əlavə edib.

Prezidentin müsahibəsində verdiyi mesajlarla bağlı AYNA-nın suallarını Milli Məclisin deputatı Elçin Mirzəbəyli cavablandırıb. Millət vəkili deyib ki, müsahibənin ilin sonuna verilməsi, eyni zamanda, mühüm detalların açıqlanması təsadüfi deyil:

- Məsələ burasındadır ki, 2024-cü ildən sülh gözləntiləri var idi. 2024-cü ilin əvvəlində İrəvanla Bakı arasında müəyyən razılaşmaların əldə olunacağı ilə bağlı ümidverici bəyanatlar səsləndirilirdi. Amma 2024-cü il başa çatmaqdadır, amma təəssüf ki, hələ də sülh sazişinin imzalanması istiqamətində ciddi irəliləyiş yoxdur. Bunun da səbəbkarı Ermənistan və onu himayə edən qüvvələrin yanaşmalarıdır.

Hesab edirəm ki, sülhlə bağlı prinsipial məqamların açıqlanması zəruri idi. Həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılması vacib idi. Prezidentin proseslə bağlı verdiyi izah ötən müddət ərzində aparılan danışıqlarla bağlı müəyyən nəticələr çıxarmağa imkan yaratdı.

- Sizcə, sülh sazişi ilə bağlı razılaşdırılmayan iki məqam hansı nəticələri çıxarmağa yardım edir?

- Razılaşdırılmayan müddəalar konkret situasiya ilə bağlı deyil. Qarşılıqlı iddialardan çəkilməklə bağlı razılaşdırılmayan məqam prinsip etibarilə özündə təkcə bu günü ehtiva etmir. Çünki heç kim zəmanət verə bilməz ki, Ermənistan bir gün yenə də xarici himayədarlarının istək və arzusu ilə müxtəlif kontekstlərdə Qərb tezisləri ilə Azərbaycana qarşı iddia qaldırmayacaq. Bu, yenidən regionda münasibətlərin pozulmasına zəmin yarada bilər. Prinsipcə, biz aparılan danışıqlar zamanı, xüsusilə, delimitasiya və demarkasiya prosesində, ondan əvvəlki proseslərdə tərəflər arasında şifahi şəkildə razılaşmaların şahidi olmuşuq. Yəni iddialardan müəyyən qədər geri çəkilmək, təzminat məsələsində qismən ləngidilmə onu sübut edir ki, iki ölkə arasında razılaşma əldə edilməsi mümkündür.

Avropa İttifaqının Ermənistanda yerləşdirilmiş missiyası ilə bağlı olan məsələ də konkret olaraq, bu günə aid məsələ deyil. Bu, həmçinin təkcə Avropa missiyası ilə də bağlı deyil. İstənilən siruasiyada Ermənistan yenə də Azərbaycanla sərhədlərə müxtəlif hərbi qrupları, o cümlədən, NATO-nun təmsilçilərini yerləşdirə bilər. Bu da regionda yenidən gərginliyin artmasına yol aça bilər. Hesab edirəm ki, Azərbaycan Prezidentinin mesajları həm dəbu prosesə fərqli aspektdən yanaşan, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən ölkələrə verilən mesajdır. Bəllidir ki, liderlərin Praqa görürüşündə əldə olunan razılaşmalar yerinə yetirilməyib. Söhbət sərhəddə yerləşdirilən Avropa İttifaqının müşahidə missiyasının say tərkibindən, onların sərhəddə qalma müddətindən gedir. Bu, Avropa İttifaqının üzərinə götürdüyü öhdəliklərə etinasız münasibətinin göstəricisidir. Prezidentin də bildirdiyi kimi, bu məsələlərdə razılaşmanın olmamasının səbəbi Ermənistan və onun havadarları, onu silahlandıran ölkələrdir.

- Prezident eyni zamanda, Azərbaycanın daha iki şərtini bir daha xatırlatdı – Konstitusiyada dəyişiklik və Minsk Qrupundan imtina...

- Azərbaycanın bu tələbləri bəlli idi və hər iki tələbin icra olunmaması prosesə yenə də xarici müdaxiləyə yol açır. Birincisi, münaqişə başa çatıbsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə və bu, sülh sazişində əksini tapacaqsa, o zaman Minsk Qrupu kimi uğursuz formatın de-yure mövcudluğuna nə ehtiyac var?! Biz Minsk Qrupunun saxlanılmasında Ermənistanın və havadarlarının nə üçün maraqlı olduğunu bilirik. Ayrı-ayrı ölkələrin, həmçinin İsveç parlamentinin qəbul etdiyi qərar var. Vaxtilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan, sonradan ərazini könüllü tərk edən ermənilərin məsələsinin beynəlxalq müstəviyə daşınması ilə bağlı bəyanatlar sübut edir ki, əslində Minsk Qrupu formatının saxlanmasında məqsəd nədir. Yenə də prosesi beynəlxalq müstəviyə daşımaqla regionda gərginliyi artırmaq istəyirlər. Bu formatla yenə təzyiq vasitələri seçmək niyyətindədirlər. Bu məsələ ilə bağlı Azərbaycanın birinci şəxsi tərəfindən mesaj yenidən verilmiş oldu.

Ermənistan Konstitusiyasında dəyişiklik tələbi isə ölkə başçısının dediyi kimi, obyektiv tələbdir. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. Burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Bu bəndin Konstitusiyadan çıxarılması zəruridir. Azərbaycan bu tələbində də haqlıdır. Çünki həmin maddə qaldığı halda imzalanacaq sülh sazişinin dayanıqlılığına şübhə yaranır. Sabah Ermənistanda hakimiyyət dəyişərsə, yeni hakimiyyətə gələnlər Konstitusiyadakı istinadı əsas gətirərək yenidən ərazi iddialarını davam etdirə bilərlər. Ona görə də bu maddənin dəyişdirilməsi tələbini rəsmi İrəvan qəbul və icra etməlidir.

- Və ölkə başçısının toxunduğu əsas məsələlərdən bir Ermənistanın silahlandırılması ilə bağlı oldu...

- Prezident açıq şəkildə, ad çəkərək Ermənistanı silahlandıran ölkələrə mesaj vermiş oldu. Fransanın mövqeyi də, atdığı addımlar da bəllidir və Prezident bu barədə kifayət qədər açıq danışdı. Eyni zamanda, Ermənistanı silahlandıran ölkələrdən birinin də ABŞ olduğu diqqətə çatdırıldı. Bhu addımlar artıq hakimiyyətdən gedən Co Bayden adminstrasiyasının addımları idi. Ümid edirik ki, yeni Prezident Donald Tramp adminstrasiyası Cənubi Qafqazla bağlı siyasətində baxış bucağını dəyişəcək. Azərbaycanla münasibətlərin yaxşı olması həm də ABŞ-ın özünün milli maraqlarına cavab verir. Prezident Ağ Evin yeni adminstrasiyasına mesaj verdi ki, artıq bu proseslərin dayandırılmasına ehtiyac var. Çünki balansın pozulması istiqamətində atılan addımlar Azərbaycan və regionun digər dövlətləri üçün real təhdidlər formalaşdırır. Müasir beynəlxalq hüququn doktrinası dövlətlərin öz ərazi bütövlüklərini, suverenliklərini qorumaq üçün müdafiə hüququndan yalnız öz sərhədləri çərçivəsində deyil, kənarda da fəaliyyət göstərmək zərurətini ortaya qoyur. Yəni ki, Ermənistan ərazisindən Azərbaycana təhlükə yaradacaq hansısa addımın atılması ehtimalı real təhdidə dönüşərsə, o zaman şübhəsiz ki, həmin ərazilərdəki hərbi obyektlər Azərbaycan üçün legitim hədəflərə çevrilir. Bu isə artıq yeni müharibə deməkdir. Prinsipcə, bu gün Fransanın, Hindistanın, ABŞ-ın atdığı addımlar, Ermənistanın silahlandırılması bölgəni yeni müharibəyə sürükləyir. Əslində nə Azərbaycan, nə də tərəfdaşları regionda yeni müharibə istəyirlər. Amma təhlükə, real təhdid yaranacaqsa, Ermənistanda revanşizmin stimullaşdırılması davam edəcəksə və real addımlar atılacaqsa, Azərbaycanın başqa çıxış yolu qalmayacaq. Bununla da, Azərbaycan zəruri tədbirlər görmək məcburiyyətində qalacaq. Prezidentin mesajlarında məhz bu məsələlərə toxunuldu. Hesab edirəm ki, Ermənistan da, onu revanşa sürükləyən havadarları da bu mesajlardan ciddi nəticə çıxarmalıdırlar.

Избранный
10
8
turkustan.az

10Источники