RU

Lerikdə toydan çıxan kişi döyüldü— TƏFƏRRÜAT

Lerik rayonunda 1974-cü il təvəllüdlü Füzuli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Teymura xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 iyun 2024-cü ildə, saat 22 radələrində Lerik şəhəri, Ərdəbil küçəsində baş verib. 

Lerik şəhər sakinləri Teymurla Füzuli arasında sonuncuya məxsus evin yaxınlığında narazılıq olub. Nəticədə aralarında dava-dalaş baş verib. Dava-dalaş zamanı Fizuli Teymura kəllə və yumruq zərbələri endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Füzulinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Füzuli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Lerik şəhərində ailə üzvləri ilə orada yaşayır: “Zərərçəkmiş Teymuru tanıyıram, əvvəllər qonşu olmuşuq. İyunun 26-da, saat 22:25-də evdə yatarkən yaşadığım evin həyətində bir nəfər şəxsin uca səslə nalayiq söyüşlər söydüyünü eşitdim. Oyanaraq evinin eyvanına çıxdım. Eyvana çıxdıqda uca səslə nalayiq söyüşlər söyən şəxsin qonşuluqda yaşayan Teymur olduğunu gördüm. Teymurun uca səslə nalayiq söyüşlər söydüyünə görə bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Sonradan polis əməkdaşları yaşadığım evin həyətinə gəldi və Teymuru özləri ilə Lerik Rayon Polis Şöbəsinə apardılar. Daha sonra polis əməkdaşları mənimlə telefon əlaqəsi saxlayaraq məni şöbəyə dəvət etdilər. Əvvəllər də Teymur mənim həyətimdə belə hərəkətlərə yol verdiyi üçün onu polisə şikayət edəcəyim barədə xəbərdar etmişəm. Aramızdakı mübahisə təxminən 10 dəqiqə davam etdi. Həmin vaxtı orada kənar şəxslər olmayıb. Hadisə zamanı mən Teymuru döymüşəm, ona xəsarət yetirmişəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Teymurun sözlərinə görə, hadisə günü tanışı Azər Kərimovun dəvətinə əsasən oğlunun Lerik şəhərində “Ruslan” şadlıq sarayında keçirilən toy məclisində saat 20:00-dan 22:00-dək iştirak edib və spirtli içki qəbul edib: “Daha sonra “Ruslan” şadlıq sarayını tərk etdim. Yolda mənə məxsus iri buynuzlu heyvanların örüş sahəsindən qayıdıb gəlmədiklərinə görə deyinə-deyinə evimə gedərkən Füzulinin evinin qarşısından keçdiyim zaman yolumu kəsdi. Heç bir səbəb olmadan məni yerə yıxaraq üzərimə çıxaraq əlləri ilə yaxamdan tutmaqla kəllə və yumruqla üz nahiyəmə zərbələr vurdu. Nəticədə sol gözümdən, burnumdan və ağız nahiyəmdən xəsarətlər aldım. Fizuli isə xəsarət aldığımı görərək dərhal evinə getdi. Sonradan mən kömək üçün ətrafa səsləndim. Həmin vaxt səsimə həyat yoldaşım və azyaşlı qızım gəldilər. Onlar məni sakitləşdirməyə çalışdılar. Həmin vaxt mən Füzulini vurmamışam. Füzuli məni  döydükdən sonra əsəbi olduğumdan onun ünvanına nalayiq ifadələr işlətmişəm”. 

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Bu səbəbdən Fizulinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
4
demokrat.az

1Источники