RU

Bakıda “Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları" (ICETEA 2024) mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

TƏHSİL.BİZ  xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova konfransın aktuallığını vurğulayaraq, ekoloji problemlərin, xüsusən qlobal istiləşmənin sürətlənməsi və atmosferdəki zərərli qazların geniş şəkildə yayılmasının dünyanın aparıcı ölkələrini narahat etdiyini bildirib. “Dünya əhalisinin çoxu şəhərlərdə yaşayır. 2050-ci qədər bu rəqəmin 70 faizə qədər artması gözlənilir. Beləliklə, şəhərlər bizim təbiətə aqressiv olan münasibətimizin mərkəzlərinə çevrilir. Məhz şəhərlərdə daha çox atmosfer çirklənməsi, su və enerji istifadəsi müşahidə edilir”, - deyə rektor əlavə edib.

Azərbaycanın bu məsələlərə önəm verdiyini diqqətə çatdıran Gülçöhrə Məmmədova ölkəmizdə keçirilən COP29-un bunun bariz nümunəsi olduğunu deyib: “İqlim konfransı geniş, çoxtərəfli və zəngin bir tədbir idi. Dünyanın bir çox ölkələrinin nümayəndələri Azərbaycanda toplaşdı, önəmli müzakirələr aparıldı və lazımi qərarlar qəbul edildi”. O, ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının dünya miqyasında təqdir edildiyini və bu cür tədbirlərin elmi mühitin inkişafına töhfə verdiyini qeyd edib.

Türkiyənin Qazi Universitetinin baş katibi Mustafa Afşar bu cür tədbirlərin davamlı olacağını bildirərək, Azərbaycan və Türkiyənin hər zaman elmi və texnoloji tərəfdən fikir mübadiləsi apardığını və öz təcrübələrini bölüşdüyünü söyləyib. O, konfransın burada iştirak edən alimlər üçün böyük bir fürsət, bilikləri paylaşmaq üçün mühüm platforma olduğunu vurğulayıb.

Konfransda dünya şöhrətli alimlərimiz - nüfuzlu Humboldt mükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev və nanotexnologiya üzrə Avropa və Türkiyə elmi dairələrində böyük nüfuza malik professor Əmirulla Məmmədov araşdırmalarını təqdim ediblər. Professor Məsud Əfəndiyev dinamik sistemlər üzrə araşdırmalarını, professor Əmirulla Məmmədov isə optika, fotonika və nanofotonika sahələrindəki ən son nailiyyətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Digər çıxışçılar müxtəlif sahələrdə qabaqcıl tədqiqatlardan danışıblar. İspaniyadan olan Javier Bilbao “Elektrik enerjisi tələbinin öyrənilməsində maşın öyrənmə metodlarından istifadə” mövzusunda təqdimat edərək enerji səmərəliliyini artırmaq üçün texnoloji yanaşmalar barədə söz açıb. Türkiyənin Qazi Universitetindən olan professor Oğuzhan Yılmaz “3D çap və sensor əsaslı nəzarət və avtomatlaşdırma” üzrə məruzəsində bu sahədəki inkişafları və tətbiqləri izah edib. Eyni zamanda, Türkiyədən olan digər professor Müslüm Cengiz Taplamacioglu “Yenilənə bilən enerji sahəsində yeni nəsil texnologiyalar” mövzusunda çıxış edib, bu texnologiyaların ətraf mühitə təsirini və perspektivlərini diqqətə çatdırıb.

AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov isə “Binalarda enerji səmərəliliyi və ətraf mühit” mövzusuna toxunub, yerli tikinti sektorunda yaşıl texnologiyaların tətbiqi və enerji effektivliyinin artırılması istiqamətindəki yeniliklərdən danışıb.

Çıxışlardan sonra iştirakçılar qarşılıqlı maraq doğuran sahələrdə birgə tədqiqatlar və innovativ layihələr üzrə əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən 84 elmi məqalənin təqdim edildiyi və 6 plenar çıxışın olduğu konfransda ətraf mühitin sağlamlaşdırılması, bərpa olunan enerji mənbələrinin istifadəsi və Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzuları müzakirə olunacaq. Konfrans 3 gün davam edəcək.

Избранный
4
1
tehsil.biz

2Источники