Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Qazaxıstanın “Altın Qasır” təhsil mərkəzinin əməkdaşları tərəfindən akademik heyət üçün “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimləri keçirilib.
Quba filialının direktoru dosent Yusif Alıyev açılış mərasimindəki çıxışında Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf dinamikasına toxunub. Təlimin Qazaxıstan Respublikasının dövlət müstəqilliyi gününə təsadüf etdiyini xatırladan direktor bayram münasibəti ilə qonaqları təbrik edərək diqqətə çatdırıb ki, hazırda iki qardaş ölkə arasında siyasət və iqtisadiyyat başda olmaqla bütün sahələrdə əməkdaşlığın inkişafı təmin olunub.
Qazaxıstanın “Altın Qasır” təhsil mərkəzinin rəhbəri Jambul Aynakulov təlimlərin təşkilində dəstəyə görə filial rəhbərliyinə təşəkkür edib, Azərbaycandakı yüksək qonaqpərvərlikdən məmnun qaldıqlarını bildirib.
“Azərbaycan-Qazaxıstan qardaşlıq münasibətləri: tarixi və müasirliyi” mövzusunda çıxış edən filialın strateji məsələlər üzrə mütəxəssisi, s.e.f.d. Sabir Hacıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev və Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayev tərəfindən möhkəm təməl üzərində qurulan qardaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən daha uğurla inkişaf etdirilərək, yeni bir məcraya yönəldilib. Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqq işini dəstəkləyən Qazaxıstan böyük Zəfərdən sonra Azərbaycana doğma münasibətini yeni formada davam etdirir. Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi də buna bariz nümunədir.
Filialın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Dünya Əhədova çıxışında keçirilən tədbirin proqramı, təlimlərin mövzuları və onların əhəmiyyəti barədə müfəssəl məlumat verib.
Qeyd edək ki, “Təhsildə yeni üfüqlər: inklüzivlik və inkişaf” təlimləri 17-18 dekabr tarixlərində davam edib.