Bakı, 19 dekabr, AZƏRTAC
“Almaniya üçün alternativ” Partiyası Almaniyanın Avropa İttifaqından çıxmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, “Almaniya üçün alternativ” Partiyasının kansler vəzifəsinə namizədi Alisa Vaydel ölkəsinin bürokratiyaya deyil, dövlətlərarası sərbəst ticarətə ehtiyacı olduğunu vurğulayıb. “Avropa İttifaqının sosialist siyasəti regiondakı bazar mexanizmini məhv edib”, - deyə siyasətçi bildirib.
Almaniyanın avtomobil sənayesini məhv etdiyinə görə Brüsseli sərt tənqid edən Alisa Vaydel Avropa İttifaqının azad ticarət zonasına çevrilməsini təklif edib. “Bizə nə etdiyini bilməyən və Avropa İttifaqındakı təməlimizi dağıdan bürokratlara ehtiyacımız yoxdur”, - deyə o əlavə edib.
Bir müddət öncə “Almaniya üçün alternativ” Partiyasının həmsədri Tino Krupalla Şimali Atlantika Alyansının bütün Avropa dövlətlərinin, o cümlədən Rusiyanın maraqlarına hörmət etməyəcəyi təqdirdə Berlinin NATO-dan çıxmaq barədə düşünməli olduğunu deyib. O, həmçinin Avropanı ABŞ-ın maraqlarına xidmət etməkdə günahlandırıb.