RU

Məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığı: "Balaca alim” bağçasından REPORTAJ

Dekabrın 19-da Elm və Təhsil Nazirliyi tərəfindən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin qaliblərindən olan “Balaca alim” bağçasına mediatur təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, mediaturda Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Musayeva - Həmidova və digər qonaqlar iştirak ediblər.

 

2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların bu qrant müsabiqə çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrindəki boş yerlərə cəlb edilməsi və təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsi həyata keçirilir.

 

Bağçanın icraçı direktoru Xalidə Qəhrəmanova bildirib ki, bağça 100-120 yerlik tutuma malikdir:

151605

“Hazırda qrant layihəsi çərçivəsində 42 uşaq qəbul olunub və artıq dekabrın 2-dən tədrisə başlayıblar. Uşaqlarımız adaptasiya dövrünü uğurla tamamlayıblar. Bağçada xüsusi avadanlıqlarla təchiz olunmuş laboratoriyalar və 70-ə yaxın didaktik oyun mövcuddur. Bu oyunlar, 6 yaşa qədər olan uşaqların bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyır. Bundan əlavə, uşaqlara ingilis dili də tədris olunur”.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev qeyd edib ki, qrant proqramının yaradılması çox müsbət təşəbbüsdür:

151606

“Bu təşəbbüs bir neçə baxımdan əhəmiyyətlidir. Birincisi, özəl bağça sektoru inkişaf edəcək, bu da iqtisadiyyata müsbət təsir göstərəcək. İkincisi, məktəbəqədər təhsilə özəl investisiyanın cəlbi baş verəcək. Bu da iqtisadiyyata müsbət təsir etmiş olacaq, çünki dövlət uşaq bağçalarının açılması ilə bağlı xərcləri azaldacaq və yerinə özəl sahibkarlar və xarici şirkətlər bu sahəyə investisiya yatıracaq”.

 

Azərbaycanda məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olduğunu vurğulayan Rasif Dünyamalıyev, 2026-cı ilə qədər bu rəqəmin 50%-ə çatdırılmasının planlaşdırıldığını qeyd edib:

 

“Bu il üçün qrant layihəyə 3 milyon manat ayrılıb və 1500 uşaq üçün nəzərdə tutulub. Gələn il isə 5000 uşağın bu proqramdan faydalanacağı proqnozlaşdırılır”.

 

Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsini artırmaq, nazirliyin əsas prioritetlərindən biridir:

151607

“Bu sahədə çox işlər görülüb. Özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından istifadə edərək, qrant proqramı həyata keçirilib. Bu proqramla 1500-ə yaxın yer vətəndaşlar üçün əlçatan oldu”.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova bildirib ki, 2026-cı ilə qədər bağça təhsilinə cəlb olunan uşaqların sayının 50%-ə qaldırılması planlaşdırılır:

151608

“Bu, gələcəkdə uğurlu insan olmağın açarlarından biridir. Təklif və tələb arasındakı boşluğu aradan qaldırmaq üçün tətbiq olunacaq yeni modellər var”.

 

Süleymanova Selcanın valideyni Nurlanə xanım bildirib ki, qrant layihəsindən çox məmnundur:

151609

 “Selcan şəhid nəvəsidir, özü də I qrup gözdən əlildir. Qızımın bu bağçada təhsil alması çox sevindiricidir”.

 

Mediaturda iştirakçılara məktəbəqədər təhsilin dövlət-özəl əməkdaşlığına diqqət çəkmək, bağçada tədrisə cəlb olunan uşaqların və valideynlərinin təəssüratlarını öyrənmək məqsədi ilə suallar cavablandırılıb.

151611

Qrant müsabiqəsi çərçivəsində seçilən özəl məktəbəqədər təhsil müəssisələrində uşaqların təhsil haqqının bir hissəsi qrant hesabına ödənilir, qalan hissəsini isə valideynlər ödəyir. Mediaturun təşkil edildiyi “Balaca alim” bağçası da bu qrant müsabiqəsindən seçilmiş və burada artıq uşaqlar təhsilə cəlb olunub.

Избранный
11
azedu.az

1Источники