RU

Bakıda daha bir MÖHTƏŞƏM LAYİHƏ: "Vəsait ayrılıb, ümidlər böyükdür..." - AÇIQLAMA

2025-ci ildən Bakıda yeni dövlət əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılacaq. Yeni yol paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər uzanacaq.

 

Dövlət əhəmiyyətli avtomobil yolu Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək.

 

Sfera.az bildirir ki, sözügedən yol salınandan sonra o, şəhər əhəmiyyətli magistral küçə olacaq.

 

Yolun uzunluğu 3896 metr, enləri 3,5 metr olmaqla 6 zolaqlı olacaq. Yolda 4 ədəd tunel tikintisi, 3 ədəd yeraltı piyada keçidi nəzərdə tutulub. Bu böyük layihənin həyata keçirilməsi üçün Bakı şəhərində çoxlu sayda yaşayış və qeyri-yaşayış təyinatlı binaların sökülməsi də planlaşdırılır.

 

Yeni yol layihəsinin əhəmiyyətini dəyərləndirən nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı saytımıza açıqlamasında qeyd etdi ki, sözügedən yol Prezidentin tapşırığı ilə çəkilir və artıq lazım olan vəsait də ayrılıb.

 

Yeni layihənin Böyükşor-Pirşağı yolunun davamı olduğunu deyən ekspert bildirib ki, bu yol sadəcə şəhər mərkəzi ilə deyil, həm də şəhərətrafı ərazilərlə avtomobil əlaqəsini asanlaşdıracaq:

 

“Bu layihə həm də Zabrat, Pirşağı, Maştağa istiqamətlərində olan tıxac probleminin həllinə yönəldilən vacib layihədir. Həmin istiqamətlərdə daimi məskunlaşan əhalinin sayı xeyli artıb. Bakının mərkəz hissəsində əvvəlki illərdə evləri plana düşən minlərlə insanın çoxu sonralar kənar qəsəbə və yaşayış massivlərinə köçüblər. Kənar ərazilərdə yaşayanların sayı sürətlə artsa da, onların şəhərin mərkəz hissələri ilə əlaqəsi normal vəziyyətdə deyil. Bu insanlar, əsasən, şəxsi avtomobillərdən istifadə etməklə şəhər mərkəzinə səfərlər edirlər. Paytaxtda sərnişin axınının artması ilə əlaqədar yaranan yükün azaldılması üçün hökmən ictimai nəqliyyatın iş effekti artırılmalıdır. Yollardakı mövcud avtomobil sıxlığı ictimai nəqliyyatın normal fəaliyyətinə maneəçilik yaradır. Ona görə də alternativ yolların çəkilməsinə ehtiyac yaranıb. Bu baxımdan yeni yolun çəkilməsinin effektiv tərəfləri olacaq”.

 

E.Muradlı bildirdi ki, Bakının yol infrastrukturunun təkmilləşdirilməsi, yeni yolların çəkilməsi Bakının Baş Planında da nəzərdə tutulub:

 

“Yeni yolun salınması bir neçə ildir ki, müzakirə edilir. Aparılan araşdırmalar, şəhərin inkişaf perspektivləri göstərdi ki, yeni yolun salınmasının alternativi yoxdur. Şəhər yollarında tıxaclarla mübarizədə başqa variant tapmaq mümkün olmur. Belə vəziyyətlərdə hökmən yeni yolun çəkilməsi lazımdır. Vaxtında yol şəbəkəsinin düzgün qurulmaması da yollarda sıxlığı artırıb. Amma Bakının və onun ətraf ərazilərində yaşayan insanların sayının artması, ailələrdə avtomobillərin sayında artımın böyük olması faktdır. Bütün bunlar yollarda avtomobil sıxlığını artırır ki, bu da yeni yol layihələrinin hazırlanıb həyata keçirilməsini tələb edir. Yeni salınacaq yol da əhali üçün səmərəli infrastruktur layihəsi olacaq”.

 

Ekspert qeyd etdi ki, hazırda şəhərin “Gənclik” və “Nərimanov” metrostansiyalarının yaxınlığındakı yaşayış massivləri ilə “Koroğlu” metrosunun ətrafındakı yaşayış massivlərini əlaqələndirən əsas yol Heydər Əliyev prospektidir. Bu prospektin çox yükləndiyini söyləyən E.Muradlı, yeni yolun əsas istifadə edilən yollardan birinə çevriləcəyini və prospektdə yüklənmənin azaldacağını bildirdi:

 

“Yeni layihəyə ümidlər böyükdür və fikrimcə, mükəmməl layihə olacaq”.

 

Vasif

Sfera.az

Избранный
2
sfera.az

1Источники