"Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu, qələbə qolunu son saniyələrdə vurduq”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının III turundan təxirə salınan “Şamaxı” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb: “Rəqib komanda çox ağıllı müdafiə olunur, təhlükəli əks-hücumlara çıxırdı. Bu gün məğlub ola da bilərdik. “Şamaxı” hətta qol da vurdu. Çox vacib qələbə qazandıq. Ayxan Abbasovun baş məşqçi olduğu komandaya qarşı oynamaq heç vaxt asan olmayıb. Bizim hər oyunumuz gərgin alınıb. Həmişə ilin sonuna yaxın futbolçuların zədələnməsindən ehtiyatlanmışam. Təəssüf ki, bir neçə futbolçumuz zədələndi. Buna baxmayaraq, liderliyi qoruya bildik. Bu dəfə qış çempionluğu əvvəlki mövsümlərə baxanda çətin oldu”.
Baş məşqçi “Şamaxı”nın futbolçusu Leroy Mikels haqda fikirlərini bildirib: “Mikels çox yaxşı futbolçudur. Bəzilərində olmayan keyfiyyətləri var. Amma hər futbolçunun istənilən komandada oyununun alınması da sual yaradır. Mikels ən ehtiyatlandığımız futbolçulardan biridir”.
Qeyd edək ki, “Qarabağ” Şamaxıda 1:0 hesablı qələbə qazanıb.
İdman.biz