RU

Qərbi Azərbaycan folkloru - Yazılmamış tarixin səhifələri necə öyrənilir?

Soydaşlarımızın tarixi Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindəki ata-baba torpaqlarından deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi azərbaycanlıların deportasiyası özünü qabarıq şəkildə üç mərhələdə göstərib. Birinci mərhələ 1905–1920-ci illər, ikinci mərhələ 1948–1953-ci illər, üçüncü mərhələ isə 1988–1992-ci illəri əhatə edir. 


Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı ata-baba yurdundan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi azərbaycanlıların izini itirmək məqsədilə oradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. 


Öz dədə-baba yurdundan qovulmağa məcbur qalan həmvətənlilərimiz Azərbaycanın müxtəlif bölgələrində yaşamağa davam ediblər. Bəs bu köç Qərbi Azərbaycan folklor və mədəniyyətinə necə təsir edib?

Modern.az mövzu ilə bağlı Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyasının Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi Ləman Vaqifqızı ilə həmsöhbət olub. 


“Qərbi Azərbaycan folklorunı öyrənmək uzun prosesdir. Bu prosesə Şəkidə Qərbi azərbaycanlıların kompakt şəkildə məskunlaşdığı bölgədən başlamaq məqsədəuyğun idi. Rayonun Daşbulaq kəndinin əhalisi bütünlüklə, Şəki kəndinin əhalisi isə qismən Qərbi Azərbaycandan gələnlərdən ibarətdir. (Bu kənddə öz doğma torpaqlarından didərgin salınmış – Ahıska türkləri, həmçinin qaraqoyunlular da yaşayır.) Qayabaşı, Cəfərabad, Çolaqlı, Aydınbulaq kəndlərinin ərazilərində Qaraqoyunlu camaatı ilə Qərbi azərbaycanlılar birgə yaşayırlar. Bolludərə, Qaratorpaq, Qozlubulaq, Sarıca kəndlərinin ərazisində, həmçinin Turan qəsəbəsində onlar sıx məskunlaşıblar. Şəki şəhərinin özündə də Qərbi azərbaycanlılara rast gəlmək mümkündür”- deyə müsahibimiz vurğulayıb. 

“Onların bir qismi Şəkiyə XX əsrin əvvəllərində – 1905, 1918-1920-ci illərdə ermənilərin həyata keçirdikləri soyqırımı nəticəsində, bir qismi isə 1940-1950-ci illərdə məcburi köçürülmə nəticəsində gəlib. Sonrakı illərdə də əraziyə Qərbi azərbaycanlıların köçü davam edib.
 



Biz 2023-cü ildə iki dəfə Şəki ərazisində Qərbi Azərbaycandan gələnlərlə görüşdük. Onlardan çoxsaylı folklor materialları qeydə aldıq. Qeydə alınan materiallar arasında onların ermənilər tərəfindən kütləvi qırğına məruz qalmaları və imkan daxilində bu zaman göstərdikləri dirənişlə bağlı xatirələr də kifayət qədərdir. Bölgə əhalisinə məxsus etnoqrafik adət, mərasimlər və sonradan onlarda gedən dəyişikliklər, qazandığı yeni keyfiyyətlər də xüsusi olaraq diqqət yetirdiyimiz məsələlərdən idi”.


Ləman Vaqifqızı bildirib ki, Qərbi azərbaycanlılardan toplanmış folklor materiallarının arasında inanc, nağıl, lətifə, rəvayət, xatirə janrı və s. üstünlük təşkil edir. Onların ağız ədəbiyyatının Şəki folklorundan təsirlənməsi ilə bağlı müşahidələr aparılıb.


“Etnoqrafik mətnləri söyləyicilərin çox az qismi yaxşı danışırdı. Bu cür mətnləri toplamaq olduqca zəhmətli işdir. Söyləyici ancaq verilən sualı cavablandırmaqla kifayətlənir, mərasimi, yaxud məclisi xırdalıqlarına qədər təsvir etmir, yaxud da edə bilmir. Bu zaman məcbur olurduq ki, bir hadisəyə dair müxtəlif suallar verərək, təfərrüatlı izah alaq. Söyləyicilərin bu cür mətnləri yaxşı danışmamasının bir neçə səbəbini müşahidə etdik. Birincisi, söyləyici özü yaşadığı bölgənin ənənəsini yaxşı bildiyi üçün bizim də bunları yaxşı bildiyimizi zənn edir, bunu təfərrüatı ilə izah etməyə ehtiyac duymur. İkincisi, söyləyici özü də bu və digər səbəblərdən informasiyanı ətraflı təsvir edə bilmir. Bir sıra hallarda müşahidə edirik ki, söyləyicilər müxtəlif məişət qayğıları ilə yükləndiyi üçün söhbət etməyə elə də həvəs göstərmirlər, çalışırlar ki, söhbəti tez yekunlaşdırsınlar. Etnoqrafik mətnləri, xüsusilə də mərasimlərlə bağlı olanları daha çox sual-cavab formasında toplayırdıq. Həmin mətnləri, demək olar ki, cümlə-cümlə toplamışıq. Hər cümlə, hər detal üçün ayrıca sual ünvanlamışıq. Bəzən bir neçə söyləyici ilə eyni vaxtda danışdığımız üçün dialoqda iştirak edənlərin sayı çoxalırdı. Sadaladığımız bu səbəblər isə etnoqrafik mətnlərin həm toplanmasını, həm də nəşrə hazırlanmasını kifayət qədər çətinləşdirdi”.



Şəkidə yaşayan Qərbi azərbaycanlıların folklorunu öyrənən dosent onu da bildirib ki, folklor materialları toplayarkən inancların qeydə alınmasına xüsusi diqqət yetirlib. Çünki inanclar həm xalqın mifoloji dünyagörüşünü aydınlaşdırmaqda mühüm rol oynayır, həm də bəzi janrlarla bağlı hansısa məsələni izah etmək üçün inanclara müraciət etmək lazım olur.

"Qərbi azərbaycanlı soydaşlarımızdan topladığımız inancların ümümtürk folklorunun mühüm tərkib hissəsi olmaqla bərabər, həm də bir sıra özünəməxsus xüsusiyyətlərə malik olduğunu gördük. 
Dərələyəz bölgəsinin sakinlərindən qeydə aldığımız materialların bir sıra hallarda Naxçıvanın Şərur bölgəsindən topladığımız mətnlərlə bənzər olduğunu müşahidə edirik. Həmçinin Göyçədən və ətraf ərazilərdən köçürülmüş əhalidən toplanmış materialların Qazax-Tovuz bölgəsinin folklor nümunələri ilə uyğun olduğunu görürük. Bu həmin ərazilərin eyni etnoqrafik bölgələr olduğunun göstəricisidir. Dərələyəz mahalı ruslar tərəfindən Ermənistana verilənədək Naxçıvanın Şərur bölgəsi ilə eyni inzibati ərazi vahidinin tərkib hissəsi olmuşdur. Göyçə mahalının Çəmbərək və Basarkeçər rayonlarının əhalisini isə Gədəbəy, Kəlbəcər rayonlarından bircə dağ ayırır”.


Ləman Vaqifqızı onu da vurğulayıb ki, folklor toplamağa gedən şəxsin qaldığı yerlə getdiyi yaşayış məntəqəsinin arası uzaq olmayanda daha səmərəli nəticə əldə etmək olur.
 

“Rayon mərkəzindəki otellərdən birində yerləşən şəxs əgər rayonun hansısa uzaq bir kəndinə gedəcəksə, həm günü yollarda keçir, həm də bu, çox yorucu olur. O, material toplayacağı kənddə, lap elə yaxşı folklor söyləyicilərindən birinin evində yerləşərsə, iş daha səmərəli olur. Bu zaman toplayıcı gününü yollarda keçirmir, həm evində qaldığı şəxs, həm kənd camaatı toplayıcıya daha yaxşı isinişir ki, bunlar işin səmərəliliyini bir az da artırır. Biz Şəkinin Qərbi azərbaycanlılar məskunlaşan ərazilərini gəzərkən belə vəziyyətlə qarşılaşdıq. Rayonun Şəki kəndində olduğumuz müddətdə ərazidə yerləşdiyimiz üçün buradan toplanmış materiallar digər kəndlərdən qeydə aldığımız materiallarla müqayisədə xeyli çox oldu”.



L.Vaqifqızı deyib ki, uzun illərdir bu bölgədə məskunlaşan Qərbi azərbaycanlılar yerli folklor, hətta ləhcələri də mənimsəyiblər:


“Qərbi azərbaycanlılar, əsasən, kompakt halda məskunlaşdıqları üçün hələ də gəldikləri ərazilərin dialekt-şivə xüsusiyyətlərini itirməyiblər. Düzdür, müəyyən qədər dəyişiklik gedib, amma yenə də, əsasən, ləhcəni saxlayıblar. Təbii ki, bu fikirləri onların hamısı haqqında söyləmək mümkün deyil. Biz Cəfərabad kəndində 1905, 1918-ci illərdə gələnlərin nəsil davamçıları ilə qarşılaşdıq ki, onlar tamamilə Şəki ləhcəsində danışırdılar. Bu baxımdan bəzən qəribə hallara da rast gəlirdik. Bəzən müşahidə edirdik ki, bizimlə Şəki ləhcəsində danışan söyləyici Qərbi azərbaycanlılarla söhbətdə artıq onlar kimi – öz ləhcələrində danışmağa başlayır. Şəkinin folklor mühitinə yaxından bələd olduğumuz üçün bölgənin Şəki üçün xarakterik olan folklor mətnlərini asanlıqla ayıra bilirdik.
Qərbi azərbaycanlılarla söhbət zamanı onların repertuarına bu bölgənin folklorunun təsirsiz qalmadığını da müşahidə edirdik. Tam əmin olmaq üçün danışdıqları mətnləri kimdən eşitdiklərini soruşurduq, bu zaman məlum olurdu ki, yerli qonşularından, iş yoldaşlarından eşidiblər. Biz yalnız Şəkidə yaşayan Qərbi Azərbaycan sakinlərki ilə deyil, Naxçıvanın müxtəlif bölgələrində, Bakıda məskunlaşmış Qərbi azərbaycanlılarla da görüşmüşdük. Müşahidələrimizdən çıxış edərək deyə bilərik ki, Şəkidə yaşayan dərələyəzli ilə Naxçıvandakı dərələyəzlinin repertuarında xeyli fərq var. Məsələn, Şəkidə məskunlaşmış dərələyəzlilərdən bəxtin, taleyin yazılması ilə bağlı xeyli mətn topladıq (bu süjet Şəki folklorunda geniş yayılıb), amma Şərur, Şahbuz, Ordubad ərazisində yaşayan dərələyəzlilərdə bu tip mətnlər ya yoxdur, ya da belə mətnlərə çox az rast gəlinir”.



AMEA Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi Ləman Vaqifqızı sonda onu da qeyd edib ki, rastlaşdıqları hər bir söyləyicidən az və ya çox informasiya alıblar.

“Onların hamısı haqqında bir yazıda məlumat vermək mümkün olmasa da, hər birinə ayrı-ayrılıqda minnətdarıq. Bu gün Qərbi Azərbaycan məsələsi olduqca aktualdır, ölkəmizin və dövlətimizin strateji məsələlərindən biridir. Tarixi ədalətin bərpa olunması hər bir azərbaycanlı üçün müqəddəs amaldır. Bu yolda Qərbi Azərbaycan folklorunun toplanılması və tədqiqi olduqca vacibdir. Çünki xalqın yazılmış tarixindən başqa, bir də yazılmamış tarixi vardır ki, bu tarix onun folklorunda yatır. Biz söyləyicilərlə görüşlərimiz zamanı bölgə, onun toponimləri, orada yaşayan türk tayfaları, tarixi hadisələr və şəxsiyyətlərlə bağlı materialları qeydə alırıq. Bu materialların hər biri ayrı-ayrılıqda Qərbi Azərbaycanın yazılmamış tarixinin səhifələridir”.

Избранный
5
1
modern.az

2Источники