Paytaxtın Xocalı prospektində meyiti tapılan bloqer Nərmin İsgəndərovanın anası Gülnarə Mehdiyeva onun ölümünü keçirdiyi plastik əməliyyatla əlaqələndirib.
“Qafqazinfo” xəbər verir ki, Nərminin anası jurnalist Qənirə Ataşovaya göndərdiyi mesajda qızının həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edib.
O, 23 yaşlı övladının bu ilin 20 noyabr tarixində estetik əməliyyat etdirdiyini və daha sonra vəziyyətinin pisləşdiyini deyib: “2 gün sonra əməliyyatdan çıxıb evə gəldi, sonra halı pisləşdi, həkimi Nurlan Həsənli ilə əlaqə saxladı, lakin həkim boynuna götürmədi. Başqa xəstəxanaya göndərdi ki, get günü 180 manata orada qal. Dekabrın 17-də səhər dərman almağa gedəndə yıxılıb səkidə vəfat edib. Qızım Nurlan Həsənliyə 5 min manat pul verib, daha sonra da ödənişlər edib. Əməliyyat “Mərcan” Klinikasında olub. Həkim telefonlara cavab vermirdi, müstəntiq də dedi ki, bu həkimin əlində 4-cü adamdır ki, ölür. Əməliyyat vaxtı bədəninə infeksiya düşüb, başqa xəstəliyi yox idi”.
Qeyd edək ki, "Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev açıqlamasında əməliyyatın plastik cərrah Oruc Məmmədov tərəfindən icra edildiyini deyib. O, Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən həkim köməkçisi kimi fəaliyyət göstərdiyini bildirib.