46 nəfərdən dəyərindən qat-qat aşağı qiymətə aviabilet təşkil etmək adı ilə xüsusi külli miqdarda pul alan qadının məhkəmə prosesinin istintaqı yekunlaşıb.
Mia.az "Unikal"a istiandla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Mələk Zeynalovanın məhkəməsində zərərçəkən Ağazadə Natəvan İnqilab qızı ifadə verərək bildirib ki, Mələkdən ilk dəfə Dubaya getmək üçün çox ucuz qiymətə bilet aldım, hardasa 1000 manata:
"Özünü bizə AZAL-ın mühasibi kimi təqdim etmişdi. AZAL-da Nuranə xanım Şəfiyeva vasitəsilə ucuz bilet götürürdü. Biz pulu Nuranə xanımın kartına göndərirdik. Sonra dedi ki, mənə pul verin 2-3 günə qaytaracam, ucuz bilet alıb baha qiymətə satacam. 116 min ümumilikdə pul alıb biznes adı ilə. Üstündə bizə də hörmət edirdi. Anam Sevda ilə mənə hardasa 20 minə yaxın pul qaytarmalıdır".
Qeyd edək ki, Mələk Zeynalovaya faizə pul verdiyini etiraf edən Natəvan Ağazadə TƏBİB-in Koordinasiya Şurasının sədri Mübariz Ağayevin gəlinidir.
Təqsirləndirilən şəxs Mələk Zeynalova isə Natəvanın Dubaya getmək üçün ona 2500 manat pul verdiyini etiraf etdi: "Sonra da Baliyə yoldaşı ilə birgə getmək üçün tur paket verdim. Natəvan mənə faizə pul verib və kifayət qədər qazancda götürüb. Mənim Natəvan və anasına heç bir verəcəyim yoxdur".
Mələk Zeynalova Şəhla Mustafayeva adlı şəxsin məhkəmədə dindirilməsini istədi: "O da mənə 35 min manat faizə pul verib. Mən 120 min manata təqsirliyəm, cəzamıda çəkəcəm. Şəfiyeva Nuranə Elşad qızı, Şəhla Mustafayeva və Natəvan Ağazadə mənə faizə pul veriblər".
İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 500 min manatdan məbləğində maddi ziyan vurub.