RU

"Onların qərarları bizim üçün istifadə olunub, tullanan kağızdan başqa bir şey deyil" - Elman Məmmədov

"İsveçrə parlamenti, o cümlədən bir sıra Avropa dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının Senatı, bir sıra beynəlxalq qurumlar bu məsələ ilə bağlı özlərini belə yuyulmamış qaşıq kimi ortaya atıblar. Bunlar çağırılmamış qonaq qismində iştirak edirlər, özlərinə aid olmayan işlərlə məşğul olurlar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov İsveçrə parlamentinin “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifini şərh edərkən dedi. Millət vəkilinin sözlərinə görə, bu kimi dövlətlərin bünövrəsi işğalçılıq və ədalətsizliklə qoyulub:

"Həmin İsveçrə parlamentinə və bu məsələ ilə heç bir hüquqları olmadan məşğul olan digər dövlətlərin qurumlarına, o cümlədən beynəlxalq qurumlara səslənirik, müraciət edirik. Xocalıda ermənilər bir gecədə 613 nəfər dinc sakini, mülki əhalini və onların içərisində qadınları, körpə uşaqları, xəstələri qətlə yetirəndə, bizə qarşı soyqırım törədiləndə və Azərbaycan ərazilərinin 20 faizi ermənilər tərəfindən işğal olunanda, 30 ildən çox onların əsarəti altında qalanda, bizim mədəni irsimizə, tarixi, dini abidələrimizə, müqəddəs yerlərimizə qarşı vəhşiliklər, vandalizmlər törədiləndə bu İsveçrə parlamenti və bunun kimilər kar idi, kor idi və yaxud bunlar guya bu məsələlərdə məlumatsız idi? Xeyr, məlumatlı idilər, sadəcə olaraq onları maraqlandırmırdı. Çünki işğalçıya rəvac verənlərdən, həmin vəhşilərə dayaq duranlardan biri də elə bunlar idi. Bunların xoşuna gəlirdi müsəlman uşaqları nə əzab-əziyyətə düçar olub, hansı işgəncələr verilib, onlar necə öldürülürlər, müsəlmanlara qarşı neçə soyqırımlar törədilir. Çünki bunların bünövrəsi işğalçılıqla, bizlərə qarşı soyqırımlar törətməklə qoyulubdur".

Elman Məmmədov qeyd etdi ki, İsveçrə və ona bənzər ölkələrin qəbul etdiyi qərarların heç bir əhəmiyyəti yoxdur.

"Ancaq bu gün Azərbaycan öz ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü, suverenliyini tam təmin edib və 30 ildən çox qaçqınlıq, köçkünlük həyatı yaşamış vətəndaşlarını Azərbaycan dövləti öz doğma yurd-yuvalarına qaytarır, orada məskunlaşdırır. Burada qanuna, beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə zidd heç bir şey yoxdur. Biz bütün hüquqa və beynəlxalq qanunlara əsaslanaraq, öz Konstitusiyamıza əsaslanaraq ərazilərimizi işğaldan azad etmişik. Biz heç kimin ərazisini işğal etməmişik, heç kimə qarşı soyqırım törətməmişik. Bu hərəkətləri sadəcə olaraq iyrənc bir hərəkətdir və ikrah doğurur. İsveçrə və İsveçrə kimilərin qəbul etdiyi qərar, qətnamə, yazı-pozu bizim üçün istifadə olunub, tullanan kağızdan başqa bir şey deyil. Biz də Milli Məclis olaraq eyni cür İsveçrəyə qarşı və yaxud digər Avropanın işğalçılarına qarşı eyni hərəkətləri edə bilərik, ancaq etmirik. Çünki biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmaq niyyətində də deyilik. Burunlarını hər yerə soxmaq, özlərinə aid olmayan məsələlərlə məşğul olmaq, digər dövlətlərin daxili işlərinə qarışmaq daim həmin bu Avropa dövlətlərinin işidir. Ancaq həmişə olduğu kimi, yenə də əlləri boşda qalacaq. Biz ərazilərimizi işğaldan azad etmişik", - deyə deputat vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Избранный
3
redaktor.az

1Источники