RU

Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR

Cümə axşamı günü İngiltərə Bankının (BoE) faiz dərəcəsinin 4.75% səviyyəsində saxlanılması qərarı fonunda GBP/USD valyuta cütlüyü kəskin şəkildə ucuzlaşıb. Məzənnə ötən gün ərzində 1.2666 həddinə qədər bahalaşsa da, daha sonra ucuzlaşmağa başlayıb və 1.2474 həddinə kimi enib. EUR/GBP cütlüyü isə eyni dövr ərzində 0.8222 həddindən 0.8304 həddinə kimi bahalaşıb. 

Həmçinin, dünən Yaponiya Bankı (BoJ) faiz dərəcələrini sabit saxlayıb. Proqnoz olunduğu kimi, BoJ-un doqquz nəfərdən ibarət idarə heyəti uçot dərəcəsinin 0.25% səviyyəsində qalmasına qərar veriblər. Bugün açıqlanan məlumatlara əsasən, Yaponiyada ərzaq və enerji qiymətlərini nəzərə almadan hesablanan baza inflyasiya (Core CPİ) göstəricisi 2.7%-ə qədər artaraq apreldən bu yana ən yüksək səviyyəyə çatıb.

Eləcə də, ötən gün ABŞ-da dərc olunan məlumatlara əsasən, qismən də olsa, istehlak xərclərinin və ixracın artması fonunda ölkə iqtisadiyyatı üçüncü rübdə proqnozlaşdırılandan daha sürətlə böyüdü. Qeyd olunur ki, üçüncü rübdə ümumi daxili məhsul illik 3.1% artıb. Əvvəlki açıqlamada üçüncü rübdə artımın 2.8% olduğu bildirilmişdi. İstehlak xərclərinin artım tempi 3.5%-dən 3.7%-ə yüksəlib. 

ABŞ-ın Təkrar Mənzil Bazarında Satış Həcmi oktyabr ayı ilə müqayisədə noyabr ayında 4.8% artaraq 3.96 milyondan 4.15 milyona qədər yüksəlib. İşsizlik müavinəti üçün müraciət edənlərin sayı isə 242 min nəfərdən 220 min nəfərə qədər azalıb. Həmçinin, Filadelfiya FED-in verdiyi məlumatlara əsasən, ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi -5.5 bənddən -16.4 bəndədək geriləyib, Məşğulluq İndeksi isə 8.6 bənddən 6.6 bəndədək zəifləyib. 

Bugün Bakı vaxtı ilə saat 17:30-da Amerikada əhalinin şəxsi gəlirlərinə və xərclərinə dair açıqlanacaq statistik məlumatlar bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Eləcə də, Böyük Britaniyada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsi və Almaniyada dərc olunacaq İstehsal Qiymətləri İndeksi göstəriciləri investorlar tərəfindən maraqla gözlənilir.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Избранный
9
1
fed.az

2Источники