RU

Azərbaycanda 7 tələbənin "qatili": Texnoloji cihazlar, “fast food” və...

Ürək-damar xəstəlikləri özünü ciddi əlamətlərlə büruzə vermədiyi üçün vaxtında araşdırılıb müalicə olunmur. Bu isə insan həyatı üçün çox təhlükəli mərhələlərə yol açır. Məhz buna görə də infarktdan vəfat edən insanların sayı günü-gündən artır.

Qeyd edək ki, son bir ayda ölkəmizdə 7 tələbə anidən dünyasını dəyişib. Ölümün bu qədər gəncləşməsi artıq cəmiyyətdə narahatlıq doğurur. Evindən sağlam şəkildə çıxan birinin iş yerində, məktəbdə və ya universitetdə ölüm xəbəri eşidilir.

Bəs görəsən, ani ölümlərin sayının bu qədər artmasına səbəb nədir? Niyə artıq gənclər də bu bəlanın qurbanına çevrilir? İnfarktdan qurtulmağın yolu varmı?

Məsələ ilə bağlı Publika.az-a danışan kardioloq Aynur Məmmədova bildirdi ki, ölkədə və dünyada baş verən ani ölümlərin sayının artmasının bir çox səbəbi var:

“İlk olaraq onu qeyd edim ki, burada ən əsas oturaq həyat tərzi rol oynayır. Məsələn, tələbələr və gənclərin saatlarla dərs oxuması, texnoloji cihazlardan istifadə etməsi onlarda fiziki aktivliyi azaldır. Hərəkətsizlik qan dövranını zəiflədir və infarkt riskini artırır”.

Həkimin sözlərinə görə, qəbul edilən qidalar və içkilər də burada böyük rol oynayır:

“Enerji içkilərinin tərkibindəki yüksək kofein və şəkər ürək ritmini pozub həyati təhlükəli aritmiya və yüksək qan təzyiqinə səbəb olur. “Fast food” və yağlı yeməklər də damar tıxanmasına gətirib çıxarır. Bundan əlavə, tələbələrin təhsil, karyera və sosial təzyiq altında qalması xroniki stressə səbəb olur. Stress kortizol hormonunun səviyyəsini artıraraq ürək-damar xəstəlikləri riskini yüksəldir. Digər səbəb, gənclər arasında gecə yarısı işləmək və ya dərs oxumaq adəti yuxu çatışmazlığına səbəb olur. Bu da ürək-damar sisteminə mənfi təsir göstərir”.

A.Məmmədova onu da qeyd etdi ki, yuxarıda qeyd olunanlarla yanaşı bu xəstəlik irsi də ola bilir:

“Ailə üzvlərində ürək damar xəstəlikləri keçmişi olan şəxslər, xüsusilə kişilər vaxtaşırı müayinə edilməlidir. Profilaktik müayinə mütləq vacibdir”.

Kardioloq bu bəladan qurtulmağın çıxış yollarından da danışdı. Bildirdi ki, bunun üçün məktəblərdə, universitetlərdə mütləq maarifləndirmə işləri aparılmalıdır:

“Sağlam həyat tərzi, enerji içkilərinin zərərləri və stressin təsiri mövzusunda geniş təbliğat işləri aparılmalıdır. Xüsusilə gənclər müntəzəm tibbi müayinələrdən keçməlidir. Tələbələr arasında idman və hərəkət təşviq edilməli, universitetlərdə sağlam qida seçimləri təklif olunmalıdır”.

Избранный
1
2
gundem.az

3Источники