Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu vəzifəyə Aslanov Vüsal Yusif oğlu gətirilib.
"Qafqazinfo"nun məlumatına görə, bu, 1981-ci ildə Sumqayıtda anadan olan V.Aslanova ikinci böyük etimaddır.
Yeni sədr Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
2004–2015-ci illərdə "Azərinşaatservis" MMC, "Azərinteltek" QSC, "Azərcon" ASC və "Retro-Park" MTK-da müxtəlif vəzifələrdə çalışıb.
2015–2016-cı illərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində işləyib.
2016-cı ildə isə ADY sədrinin müavini təyin edilib.
Qeyd edək ki, Prezidentin bu gün imzaladığı digər sərəncamla "Bakı Metropoliteni"nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub.