Berlin, 20 dekabr, AZƏRTAC
Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürüb.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində həmin şəxs saxlanılıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Lakin avtomobilin izdiham arasında bir neçə nəfəri vurduğu bildirilir. Digər insanlar təşviş içərisində qaçaraq xilas olmağa çalışıblar. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Əyalət polisi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.
Xatırladaq ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üzərinə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin