RU

Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son illərdə beynəlxalq aləmdə baş verən kataklizmlər, müharibələr və münaqişələr dövlətlərin, xalqların taleyində liderlərin nə dərəcədə mühüm rol oynadığını bir daha isbatlamış oldu. Azərbaycan çox azsaylı dövlətlərdən biridir ki, belə gərgin bir zamanda müdrik, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin zəngin idarəçilik təcrübəsi, dəmir iradəsi, diplomatik zəkası müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Dekabrın 24-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 63 yaşı tamam olur. Dövlət başçısı prezidentlik institutuna rəhbərlik etdiyi ilk andan ölkəsinin, xalqının milli mənafeyi, maraqları uğrunda yorulmadan, usanmadan fəaliyyət göstərir. Prezident kimi xalqın ona göstərdiyi böyük etimadı əməli fəaliyyəti və qərarları ilə daim doğruldur. Bu fəaliyyət özünü Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın əldə etdiyi böyük uğurlarda, imza atdığı yeniliklərdə, sahib olduğu dəyərlərdə göstərir.
Müzəffər Ali Baş Komandan
İlham Əliyev bu gün qalib xalqın, qalib dövlətin rəhbəridir. Lakin bu zəfərin memarı, müəllifi elə Müzəffər Ali Baş Komandan kimi özüdür. Məhz Azərbaycan xalqının ona olan sarsılmaz inamı, sevgisi və etimadı 30 illik işğala son qoymaq üçün çıxdığımız yolda ən böyük ilham qaynağımız olub. Dövlət başçısının 2003-cü ildən etibarən işğal edilmiş ərazilərimizin azad olunması istiqamətində yorulmaz və gərgin fəaliyyəti Zəfərimizi şərtləndirən amillərin yetişməsinin başlıca şərtidir: güclü iqtisadiyyat, müasir, peşəkar, vətənpərvər Silahlı Qüvvələr, beynəlxalq aləmin dəstəyi, xalq-iqtidar birliyi, sabit ictimai-siyasi vəziyyət... İşğala son qoyaraq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edərək, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda qürurla dalğalandırmaqla Prezident İlham Əliyev Azərbaycan xalqı, dövləti qarşısında verdiyi sözləri ən yüksək səviyyədə yerinə yetirdi. Bununla da qalib rəhbər kimi əbədi olaraq adını Azərbaycan xalqının yaddaşına, tarixinə yazdırdı.
Xatirələrdə unudulmaz izlər buraxan səfərlər
Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü, müstəqil siyasət yürüdən dövlətidir. Dünyada sözünə etimad göstərilən, təşəbbüsləri dəstəklənən ölkəmiz yaralarını öz imkanları hesabına sağaldır. İşğaldan azad edilmiş ərazilərdə böyük abadlıq, quruculuq, bərpa işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlər üçün layiqli həyat şəraitinin yaradılması istiqamətində addımlar atılır. Bu işlərin hər biri Prezident İlham Əliyevin şəxsi nəzarəti, rəhbərliyi ilə həyata keçirilir. Azərbaycan Prezidentinin işğaldan azad edilən rayonlara hər bir səfəri, sakinlərlə görüşləri onların xatirəsində unudulmaz izlər buraxır.
Dövlət başçısına olan beynəlxalq inam
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tək regional deyil, dünyanı narahat edən qlobal problemlərin həllində də müstəsna rol oynayır. Pandemiya zamanı BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatına sədrliyin dövlətimizə həvalə edilməsi həm də Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinə olan beynəlxalq inamın təzahürü idi. Dövlət başçısının dünya üçün ən çətin zamanlarda təşkilatın sədri olaraq qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər, Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində çoxsaylı dövlətlərə yardım əlini uzatması bu inamın heç də təsadüfi olmadığını bir daha isbatladı.
Dünyanın problemlərinin həll edildiyi məkan
2024-cü il Azərbaycan adı dünyaya bir daha səs saldı. Ölkəmiz yenidən yekdil qərarla bəşəriyyət üçün ən ciddi problem sayılan iqlim dəyişmələri ilə mübarizə məsələsində etimad göstərilən, üz tutulan ünvan oldu. Bakı qısa müddətdə miqyasına görə dünyanın ən böyük və uzunmüddətli tədbiri sayılan COP29-a peşəkar səviyyədə hazırlaşaraq uğurla ev sahibliyi etdi. 70 mindən çox xarici qonağın, prezidentlərin, dövlət rəsmilərinin qatıldığı bu tədbir Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan adını dünyaya duyurdu. Dövlət başçısının təşəbbüsləri, gərgin əməyi və diplomatik səyləri nəticəsində COP29 mühüm qərarların qəbul edildiyi bir tədbir olaraq COP-lar tarixinə ən uğurlu konfrans kimi düşdü.
Qalib Azərbaycan İlham Əliyevin əsəridir
Bu gün Azərbaycan qalib dövlət olmaqla yanaşı, həm də özünün unikallığı ilə seçilən, dünyanın müxtəlif güc mərkəzləri ilə bərabər hüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qurmağı bacaran, müstəqil siyasət yürüdən bir ölkədir. Heç bir güc, heç bir təzyiq bizi çıxdığımız bu yoldan döndərmək, iradəmizə təsir etmək qüdrətinə malik deyil. Çünki Azərbaycanın Prezident İlham Əliyevin timsalında dəmir siyasi iradəyə, açıq sözlülüyə, dərin zəkaya, uzaqgörənliyə malik qalib lideri, rəhbəri var. Əgər müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əsəri idisə, qalib, ərazi bütövlüyü, suverenliyi tam bərpa edilmiş, iradəsi ilə hər kəsin hesablaşdığı müasir Azərbaycan Müzəffər Prezident İlham Əliyevin əsəridir.
Избранный
35
50
oxu.az

10Источники