RU

Yeni yaradılan fond zərərlə işləyən bankla - ƏMƏKDAŞLIQ ETMƏYƏCƏK – YENİ QAYDA

Xəbər verildiyi kimi, prezident İlham Əliyev dekabrın 23-də Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi barədə fərman imzalayıb.

Həmin fərmanla, dövlət başçısı Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydasını da təsdiq edib.

Qaydaya əsasən Biznesin İnkişafı Fondu sahibkarlara müvəkkil təşkilatlar vasitəsilə güzəştli kreditlər verəcək (yalnız bank və BOKT-lar vasitəsilə) və güzəştli şərtlərlə digər maliyyələşdirmə həyata keçirəcək.

Bundan başqa, fond sahibkarların manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verəcək. Nəhayət, Fond ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqəli olan istiqamətlərdə investisiya qoyuluşu şəklində maliyyələşdirmə həyata keçirəcək.

Qaydaya görə, Fondun bank və BOKT-lar vasitəsilə dəstək mexanizmləri aşağıdakı qaydada həyata keçirilir:

 

- bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, digər təşkilatların isə kapitalının (xalis aktivlərinin) 100 faizindən çox ola bilməz;

- müvəkkil təşkilat Mülki Məcəllənin 49-1-ci maddəsində nəzərdə tutulmuş ona aidiyyəti şəxs olan sahibkarlıq subyektlərinə münasibətdə Fondun dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak edə bilməz.

- Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və digər qarşısıalınmaz qüvvə (fors-major hadisə), eləcə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı Fondun Müşahidə Şurasının müəyyən etdiyi qaydada Fond qarşısındakı öhdəliklərin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) həyata keçirilə bilər.

- İnvestisiya qoyuluşu formasında maliyyələşdirmə bu Qaydanın hüquqi şəxslərin yaradılması və yenidən təşkili, hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi, investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlanılması vasitəsilə həyata keçirilir.

 

Yeni Fond bank və kredit təşkilatları ilə əməkdaşlıq üçün onlara qarşı müəyyən tələblər irəli sürəcək.

Belə ki, fondla əməkdaşlıq edən maliyyə təşkilatı azı 3 il fəaliyyətdə olmalıdır. Digər şərtə əsasən müvəkkil təşkilatın son 2  maliyyə ili ərzində mənfəətlə fəaliyyət göstərməlidir. Bu müddətdə zərər etmiş bank və BOKT-lar fondla əməkdaşlıq edə bilməyəcəklər.

Nəhayət, məcmu kapitalın məbləği, məcmu kapitalın adekvatlıq əmsalı, leverec əmsalı və ani likvidlik əmsalı üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan banklar, nizamnamə kapitalının məbləği üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan bank olmayan kredit təşkilatları və nizamnamə kapitalının məbləği, kapitalın adekvatlıq əmsalı, aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan kredit ittifaqları Fondun müvəkkili ola bilməzlər.

Qaydaya görə, banklara limit ayrılması qaydasını və qərarını Müşahidə Şurası verir, müvəkkil təşkilat tərəfindən istifadə edilməmiş limit azaldıla və ya ləğv edilə bilər.

Избранный
25
fed.az

1Источники