RU

Qədim diyarda idman turizminin üstünlükləri

Son dövrlərdə dünya turizm bazarının idarəçiləri o qənaətdədirlər ki, zaman keçdikcə insanlar aktiv istirahətə daha çox üstünlük verirlər. Bu isə, nəticədə, idman turizminin ayrı-ayrı növlərinin inkişaf etdirilməsini zəruri edir.

Çox zaman “ekstremal turizm” adlandırılan bu sahə özündə müəyyən riskləri daşısa da, nəticə etibarilə, çoxları üçün əsrarəngiz bir istirahət növüdür. Buna görədir ki, hazırda dünya turizm bazarının 10 faizi ekstremal turizmin payına düşür. Ölkəmizin bir çox regionları kimi Naxçıvan Muxtar Respublikasının ərazisi də bu turizm sahəsinin inkişaf etdirilməsi üçün böyük potensiala malikdir.

Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların cənuba doğru uzanan orta və alçaq dağlıq yaradan qolları tutur. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsiləsidir. Bu silsilənin ən hündür zirvəsi olan Qapıcıq dağı isə (3 min 906 metr) Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisindəki ən yüksək zirvəsidir. Bundan əlavə, hündürlüyü 3 min metrdən çox olan Yağlıdərə, Qazangöl, Sarıdərə, Dəvəboynu dağları, dəniz səviyyəsindən yüksəkliyi 2 min metrdən çox olan onlarla aşırımlar, eləcə də alçaq və orta yüksəklikli çoxsaylı dağ və təpələr Naxçıvanın əsrarəngiz relyefini formalaşdırır. Bu coğrafi potensial ekstremal turizmin inkişafında əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, ekstremal turizm alpinizm, speleoturizm (mağara turizmi), qayayadırmanma, veloturizm, ultramarafon, piyada turizmi, dağ xizəkçiliyi və sairi özündə birləşdirir. Təsadüfi deyil ki, Şahbuz rayonunun Ağbulaq kəndində yeni dağ-xizək turizminin yaradılması muxtar respublikada idman turizminin inkişafında atılan ilk uğurlu addımlardandır. Ərazinin relyefi, qış fəslində qarın 4-5 ay yerdə qalması xizək turizmi üçün burada geniş imkanlar yaradır.

Alpinizmin inkişafı üçün də muxtar respublikada potensial baza var. Səyahətin idmana yaxın olan bu mürəkkəb növünün inkişaf etdirilməsi üçün yüksək, orta yüksək və alçaq dağlıq ərazilərin coğrafi imkanları, eyni zamanda, qayayadırmanma üçün ərazi obyektlərinin müəyyənləşdirilməsi bu işə öz töhfəsini verə bilər. Doğrudur, turizmin bu növü alpinist və dağ turist düşərgələrində təlim keçmiş fiziki, nəzəri və praktik cəhətdən hazır olan idmançılar üçün məqbul sayılsa da, dünya turizmində buna həm də kütləvi maraq var.

Təsadüfi deyil ki, son illər muxtar respublika ərazisindəki Haçadağ da yerli və xarici alpinistlərin diqqətini çəkməyə başlayıb. Belə ki, yerli idmançılarla birgə qardaş Türkiyə Respublikasından olan dağçıların hər il Xocalı faciəsi qurbanlarını yad etmək məqsədi ilə Haçadağa yürüşlərdə iştirak etməsi muxtar respublikanın bu əsrarəngiz təbiət abidəsinin təbliğinə böyük töhfə verməkdədir. Və yaxud speleoturizmi götürək.

Mağara turizmi mənasını verən bu turizmin inkişafı üçün Naxçıvan ən unikal məkanlardandır. Çünki Cənubi Qafqaz regionunda təbii mağaraların ən çox yayıldığı ərazi Naxçıvan ərazisidir. Qeyd edək ki, bu turizm növünün məqsədi mağaraların kəşfi və tədqiqi sayıldığından bu sahəyə idmançılarla yanaşı, tarixçilər də böyük maraq göstərirlər.

İdman turizmində diqqətçəkən mühüm istiqamətlərdən biri də veloturizmdir. Veloturizm az fiziki qüvvə sərf etməklə nisbətən yaxın məsafələrin təbiəti, tarixi abidələri ilə tanış olmağa imkan verən turizm növüdür. Atmosferi çirkləndirməyən, insan səhhətini möhkəmləndirən velosipedin nəqliyyat vasitəsi kimi universallığı ondan hər yerdə istifadə etməyə imkan verir.

Əlavə olaraq, orta dağlıq və dağətəyi regionlarda dağ velosipedi yarışlarının təşkili də müasir dövrdə ən populyar idman yarışlarındandır. Son illərdə muxtar respublikada velosiped idmanı üzrə müxtəlif yarışların təşkili də bu idman növünün təbliğinə yeni imkanlar açır.

Ümumiyyətlə, idman turizminin müxtəlif növlərinin inkişafı üçün muxtar respublikada hərtərəfli şərait mövcuddur. Uzağa getməyək, elə Türkiyə Respublikasında son dövrlərdə turizmin hərtərəfli inkişafı idman turizminin də dirçəlməsinə imkan verib. Bu ölkənin Kapadokya bölgəsi hər il dünyanın müxtəlif ölkələrindən bura gələn turistlərlə dolu olur.

Beynəlxalq səviyyəli ultramarafonlar, triatlon və dağ velosipedçiləri üçün təşkil olunan yarışlar artıq bu bölgəni idman turizmi üçün də ildən-ilə daha cəlbedici edir. Düşünürük ki, muxtar respublikanın təbii coğrafi şəraiti bu turizm sahəsinin inkişafı üçün geniş imkanlara malikdir.

2016-cı ildə Honqkonqda keçirilən ümumdünya ultramarafon (100 kilometr) yarışının litvalı qalibi Gedminas Griniusdan soruşmuşdular ki, yaşadığınız Vilnüs şəhəri tamamilə düzənlikdir, bəs dağlıq ərazilərdə keçirilən bu tip ultramarafonlarda necə qalib ola bilirsiniz? O cavab vermişdi ki, bəli, yaşadığım yerlərdəki təpələrə dəfələrlə qalxıb enməklə yarışlara hazırlaşıram.

Demək ki, zəngin coğrafi relyefə sahib olmaq Tanrının bizə bəxş etdiyi zənginlikdir.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Избранный
18
xalqqazeti.az

1Источники