RU

Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi mükafata layiq görüldü - FOTOLAR

Dekabrın 23-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev rəhbərlik etdiyi təşkilatın 20 il ərzində keçdiyi yol və səhiyyənin inkişafına verdiyi töhfələrdən bəhs edən təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2004‐cü ildən etibarən fəaliyyət göstərən kardiologiya, ürək və damar cərrahiyyəsi, anesteziologiya, perfuziologiya sahəsində çalışan peşəkarları özündə birləşdirən qeyri‐hökumət təşkilatıdır. Fəaliyyət göstərdiyi müddət ərzində təşkilat ölkəmizdə kardiologiya, ürək-damar cərrahiyyəsinin inkişafı üçün yerli mütəxəssislərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi, ürək‐damar xəstəlikləri ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində yerli və beynəlxalq elmi‐praktiki konfranslar, seminarlar, tədbir və layihələr həyata keçirib. Həmin tədbirlərdən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” beynəlxalq konqresi nəinki ölkə daxilində, həm də ölkədən kənarda nüfuzlu elmi‐praktik tədbir kimi tanınıb. Bundan başqa, hər il Dünya Ürək Federasiyası tərəfindən qeyd edilən “Dünya Ürək Günü”ndə ürək‐damar xəstəlikləri və onun profilaktikası barədə əhalinin maarifləndirilməsi məqsədilə cəmiyyət mütəmadi olaraq sosial aksiyalar təşkil edir, uşaq və ahıllar evlərini ziyarət edərək orada məskunlaşan sakinlərin tibbi müayinəsini həyata keçirir. Qeyd olunub ki, cəmiyyətin ötən dövrdə qazandığı nailiyyətlərdən biri də “Azərbaycan ürək‐damar cərrahiyyəsi” jurnalını nəşr etdirməsidir. Artıq 5‐ci ildir ki, nəşr olunan jurnalda kardiologiya, ürək və damar cərrahiyyəsi, anesteziologiya, perfuziologiya sahəsində çalışan həm yerli, həm də əcnəbi mütəxəssislərin elmi məqalələri, xülasələri, klinik hesabatları dərc olunur. Sevindirici haldır ki, jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına da daxil olunub.

Daha sonra çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevin sözlərinə görə, təşkilat fəaliyyətə başlayanda məhz qarşıya Azərbaycanda da müasir ürək və damar cərrahiyyəsi xidmətinin qurulması və azərbaycanlıların öz ölkəmizdə elə öz həkimlərimiz tərəfindən müalicə olunması hədəf qoyulmuşdu: "Bu gün artıq cəmiyyətin qurulmasından 20 il ötür. Hazırda səhiyyənin bütün sahələrində olduğu kimi ürək-damar xəstəliklərinin müalicəsində də Azərbaycan dünya standartlarına çatıb. Bu gün ürək-damar xəstəlikləri sahəsində istər xəstəliyin diaqnostikasında, istər müalicəsində, istərsə də cərrahiyyəsində ölkəmizdə icra oluna bilməyən demək olar heç bir prosedur, əməliyyat yoxdur".
 
Ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində ciddi inkişafın nəzərə çarpdığını diqqətə çatdıran Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin həmin istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib. Ürək-damar cərrahiyyəsi üzrə bütün yeniliklərin ölkəmizdə tətbiq edildiyini deyən deputat vətəndaşların xarici ölkələrə üz tutmasına ehtiyac olmadığını və sağlamlıqlarını öz həkimlərimizə etibar edə biləcəklərini vurğulayıb.

Sonra dünyaca məşhur ürək və damar cərrahlarının onlayn təbrikləri nümayiş etdirilib.

Daha sonra bu illər ərzində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəaliyyətinə dəstək göstərən təşkilat və şirkətlər təltif olunublar. Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov mükafata layiq görülüb. 

Tədbir bədii hissə ilə davam edib.

Избранный
24
50
unikal.az

10Источники