Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri dekabrın 24-də Gürcüstan Parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev qonaqları salamlayaraq, iki ölkənin dostluq və mehriban qonşuluq münasibətlərindən söz açıb. Komitə sədri qanunverici orqanlarımız arasında əməkdaşlığın dinamik inkişaf etdiyini deyib, parlament sədrlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib. O, parlamentlərimizin dostluq qrupları, komitələri arasında münasibətlərin dərinləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadze əlaqələrimizin genişlənməsində qanunverici orqanların rolundan, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb. O, ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinin xalqlarımızın mənafelərinə cavab verdiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov və Gürcüstan Parlamentinin Regional siyasət və yerli özünüidarə komitəsinin sədri İrakli Kadagişvili regional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.
Görüşdə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, Gürcüstan Parlamentinin deputatı Paata Salia, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.