RU

Eynəkli uşaqlar: Hələ bu harasıdır, görəcək günlərimiz qabaqdadır- HƏKİM DANIŞIR

Uzun müddət yaxın məsafədən telefon, planşet, televizor, kompüter kimi elektron vasitələrə baxmaq görmə zəifliyi yaradan əsas səbəblərdir

Eynəkli uşaqlar adi hala çevrilməkdədi. Böyüklər arasında da görmə zəifliyi son illərdə artıb. Səbəblər, əslində məlumdur. Kompüter, smartfonlar, planşetlər... Avtobusda, metroda, küçədə gözünü smartfondan ayırmadan hərəkət edənləri hamımız görürük. Valideynin oturacağa əyləşər-əyləşməz körpənin də, uşağın da əlinə oyun proqramları ilə yüklənmiş smartfonları necə “dürtdüyünü” çox müşahidə edirik. Böyüklər də ayaqüstə olduqları halda gözlərini telefondan ayırmır, başı aşağı, boynu əyilmiş vəziyyətdə dayanırlar. Bu gedişlə əhalinin 90 faizi boyun-bel fəqərəsi əyriliyinə mübtəla olacaq. Həm də gözlərinin nurunu getdikcə itirəcəklər. Dövrün müasirlik, yenilik, yüngüllük, rifah hesab etdiyimiz texnologiyaları insan sağlamlığını təhdid edir, amma kimisi buna məcburiyyət qarşısında tabe olursa, bəziləri sırf modern görünmək istəyinə boyun əymiş olurlar. Təbii ki, iş, vəzifə gərəyi kompüter arxasında əyləşmək, müasir texnologiyalardan yararlanmaq başadüşüləndir. Lakin zəruri ehtiyac olmadan günün az qala 24 saatını smartfonun əsarətində qalmağın mənfi nəticələrə gətirib çıxaracağı da şəksizdir.   
 
Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında görmə zəifliyində anadangəlmə problemlərin artdığını dedi. Həmçinin əlavə etdi ki, uşaqların uzun müddət yaxın məsafədən telefon, planşet, televizor, kompüter kimi elektron vasitələrə baxması görmə zəifliyi yaradan əsas səbəblərdir: 
- Görmə zəifliyinin artmasına distant təhsil də səbəb olur. Həmişə vurğulamışam ki, uşaqların səhhəti əsasdır. Bizə ilk növbədə sağlam gələcək lazımdır. Sağlamlıq təhsildən öndə gəlməlidir. Uşaqların təhsilli, savadlı olması vacibdir, lazımdır, amma birinci növbədə sağlam olmalıdırlar. Əgər hər hansı bir zamanda, müəyyən səbəblərdən distant təhsilə keçilirsə, buna əməl edilməlidir. Amma distant təhsilin də qaydası olmalıdır. Ailələr kitablardan uzaq düşüb.  Hansısa məlumat əldə etmək üçün övladını “kompüteri aç, internetdən öyrən”, deyib kompüterə, internetə yönəldən ana, ata, bilməlidir ki, bu, uşaqda asılılıq yaradır artıq. Uşaq bütün günü, fasiləsiz, rejimsiz kompüter və ya planşet qarşısında əyləşməməlidir. Bu, eyni zamanda imtahanlara hazırlaşanlara da aiddir. Son illərdə bəzən uşaqlar saatlarla, səhərdən-axşamadək kompüter qarşısında əyləşir, oxuyur, dərslərə hazırlaşırlar, imtahanda uğurlu nəticə əldə etsinlər deyə. Çalışsınlar, amma hər şeyin qaydası var. Dərslərə, imtahana hazırlaşmaq da vaxtla, rejimlə olmalıdır. Uşaq ara fasilələrlə masa arxasından qalxmalı, gəzişməli, beynini yükdən azad etməli, ona rahatlıq verən məsələləri düşünməlidir. Belə xüsusi proqramlar, əyləncəli intellektual oyunlar var. Amma çox vaxt uşaq dərsdən aralanmasın deyə, yeməyi də dərs çalışdığı otağa gətirirlər ki, elə burada ye,iç, oxu! Belə olmaz. Onlayn dərslər görmə zəifliyi yarada, görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Ona görə də fasilələr mütləq olmalı, uşaqlardan uzun müddət kompüter və ya planşet qarşısında əyləşmək tələb edilməməlidir. Kompüter qarşısında çox əyləşmək, fərqi yoxdur, uşaq dərsə kompüterlə qoşulur, smartfon və ya planşetlə, ekrana uzun müddət fasiləsiz baxmaq gözlərdə quruluq, qaşınma, allergiya, kiprik iltihabı, qızartı, sulanma kimi hallar yaradır, bunlar da zaman keçdikcə görmə qabiliyyətinin zəifləməsinə, müxtəlif göz xəstəliklərinə səbəb ola bilər. Ekranla uşaq arasında 1 – 1.5 metr ara məsafəsi saxlanmalıdır. Kompüter şüasının qarşısını ala biləcək eynəklərdən istifadə etmək olar. 
V.Qarayev bildirdi ki, valideynlər diqqətli olmalıdır: 
- Valideyn uşağa nəzarət etməlidir. Vaxtaşırı həkim müayinəsinə aparmalıdır. 1 yaşından sonra ildə bir dəfə uşaq göz müayinəsindən keçməlidir. Belədə görmə zəifliyi varsa, müəyyən olunacaq və qarşısı vaxtında alınacaq. Bəzən valideynin uşağın görmə qabiiyyətindən heç xəbəri də olmur. Uşaq böyüyüb yuxarı siniflərə çatanda, məlum olur ki, gözdə çəplik, görmə zəifliyi var. Görmə qabiliyyəti mütəmadi yoxlanmalıdır ki, problem varsa, qarşısı tez alınsın. 

Избранный
27
sherg.az

1Источники