Bakı, 25 dekabr, AZƏRTAC
“Bu gün Cəbrayıl şəhərinə geri qayıdırıq, 31 illik ayrılıq sona çatır. Hisslərimizi sözlə ifadə etmək çətindir. Çox sevincli və qürurlu şəkildə qayıdırıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün İsmayıl Mahmudov söyləyib.
O deyib: “Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə cansağlığı arzulayıram. Biz onların sayəsində bu gün doğulduğumuz yerlərə, evimizə- obamıza qayıdırıq. Allah bütün məcburi köçkünlərə geri qayıtmağı nəsib eləsin”.
Çox çətin günlər yaşadığını deyən keçmiş məcburi köçkün, həmçinin əlavə edib ki, 40 yaşında çıxdığı Cəbrayıla 70 yaşında geri dönür.