Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyada ya silahlarını yerə qoymalı, ya da məhv edilməli olan terrorçu separatçı təşkilatların fəaliyyətinə son qoymaq niyyətində olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının fraksiyası qarşısında çıxışı zamanı bildirib.
“Biz Suriyadakı terror təşkilatlarını, xüsusən də hər iki ölkəmizin sağ qalmasını təhdid edən İŞİD və Kürdüstan Fəhlə Partiyasını darmadağın etmək əzmindəyik. Bu separatçı cinayətkarlar ya silahları ilə özləri vidalaşacaqlar, ya da onlarla birlikdə Suriya torpağında dəfn olunacaqlar. Kürd qardaşlarımızla aramıza qan divarı çəkməyə çalışan terror təşkilatını məhv edirik”, - deyə prezident bildirib.
O qeyd edib ki, Suriyadakı terror qrupları “İraq və Türkiyə kimi Suriya üçün də təhlükə mənbəyidir”.
“Onlarla əlbəyaxa mübarizə aparan yeganə NATO üzvü Türkiyədir və bu məsələdə bizə məhdudiyyət qoyula bilməz. Bizim yeganə məqsədimiz Suriyadan başlayaraq bölgəmizin hər nöqtəsində sülh, əmin-amanlıq və sabitliyin təmin edilməsidir. Digərləri üçün Suriyanın təhlükəsizliyi və sülhü ikinci yerdə ola bilər.
Biz belə düşünə bilmərik, çünki onunla 900 kilometr sərhədimiz var”, - Ərdoğan bildirib.
Türkiyədəki suriyalı qaçqınlar məsələsinə gəlincə, o, ölkəsinin geri qayıtmaq istəyənlərə kömək edəcəyini, lakin heç kəsi zorla göndərməyəcəyini qeyd edib.