Xəbər verdiyimiz kimi, təyyarə qəzasında həlak olan şəxslərdən biri pilot Aleksandr Kalyaninovdur.
Belə ki, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin pilotlarından biri Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub.
AzEdu.az Təhsil Portalı olaraq pilot Aleksandr Kalyaninovun müəllimi Səbinə Bayramova ilə əlaqə saxladıq.
O, Aleksandrın 5-ci sinifdən 11-ci sinfə qədər həm müəllimi, həm də sinif rəhbəri olub:
"Aleksandr çox ağıllı, savadlı və dürüst bir şagird idi. Hər zaman hər kəsə kömək etməyə çalışan biri olub. Həmçinin, dərslərini yaxşı oxuyurdu. Bundan əlavə, bir neçə xarici dilləri bilirdi. Millətcə azərbaycanlı olmasa da, Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti var idi. Bu da öz növbəsində Türkiyədə təhsil almağına böyük kömək edib. Həmin universitetdə təhsil aldığı müddətdə də çox böyük uğurlara imza atıb. O bilirdi ki, istədiyi ali məktəbə daxil olmaq çox çətindir, amma buna baxmayaraq hər zaman mübarizə aparırdı. Türkiyə universitetində o qədər yüksək səviyyədə oxuyurdu ki, hətta İzmir Universitetindən ingilis dilini mükəmməl bildiyi üçün Bakı Avropa Liseyinə təşəkkür məktubu yollanmışdı. Onun atası da pilot olub və Aleksandr uşaqlıq vaxtından həmişə arzu edib ki, pilot olsun. O, bu peşəyə bir növ atasından ruhlanıb. Aleksandrın bu cür həlak olması hər birimiz üçün çox ağır oldu. Biz hər birimiz sinif yoldaşları ilə birgə onu çox sevmişik və hər zamanda sevəcəyik.
O, elə bir uşaq idi ki, bütün dərs deyən müəllimlər bu xəbəri eşidəndən hətta ağlayırlar. Hazırda sinif müəllimi çox pis vəziyyətdədir".