RU

AZAL-ın prezidenti: "Dərdimiz böyükdür, səbəblər araşdırılır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Çox təəssüflə qeyd etmək istərdim ki, qəza nəticəsində 30-dan çox sərnişin və bir neçə ekipaj üzvü həyatını itirib. Ekipaj üzvlərimiz işlərini qəhrəmancasına gördükləri üçün 20-dən çox sərnişin sağ qalıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev deyib.
O bildirib ki, məsələ dərindən araşdırılır: "Qəzanın səbəbləri müəyyənləşdiriləcək və ətraflı məlumat veriləcək. Dərdimiz böyükdür. Faciədə həyatını itirənlərin hər birinə Allah rəhmət eləsin".
S.Rzayevin sözlərinə görə, qəzanın "qara qutu"su artıq tapılıb və onun təhlili üçün beynəlxalq aviasiya konvensiyalarına uyğun prosedurlar həyata keçirilir:
"Təyyarə oktyabr ayında tam təmirdən çıxıb, texniki baxışdan keçib və uçuşları 15 min saatdan çox olan təcrübəli pilotlar tərəfindən idarə edilirdi. Buna baxmayaraq, hadisənin səbəbləri araşdırılır".
AZAL rəhbəri vurğulayıb ki, hazırda Aktau şəhərində olan sağ qalmış sərnişinlərin və dünyasını dəyişənlərin cəsədlərinin Azərbaycana geri qaytarılması üçün hazırlıqlar görülür.
"Bu faciəli hadisə xalqımıza böyük itki yaşatsa da, qəhrəman ekipaj üzvlərinin vəzifələrini son ana qədər ləyaqətlə yerinə yetirmələri, insan həyatını hər şeydən üstün tutmaları onların adlarını tarixə yazdırdı. Hadisə ilə bağlı araşdırmalar davam etdikcə, əlavə məlumatlar paylaşılacaq. Biz həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq".
Məhərrəm Əliyev
Избранный
15
50
oxu.az

10Источники