RU

Deputat təyyarə qəzasından DANIŞDI

“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin  qəzaya uğraması və 38 nəfərin həlak olması hamımızı sarsıtdı”.   

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, üzv ölkə dövlət başçılarının MDB Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına yola düşən Prezident İlham Əliyev xəbəri təyyarədə aldıqdan dərhal sonra səfərini yarımçıq qoyub geri döndü: 

“Elə hava meydanında müşavirə keçirdi, qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlarını verdi. Faciəvi hadisə ilə bağlı dövlətimiz üzərinə düşən bütün vəzifələri tam yerinə yetirməkdədir. Əlaqədar təşkilatlar fasiləsiz olaraq, son dərəcə həssaslıqla çalışmaqdadır.  Bu kədərli hadisə Azərbaycan xalqının öz dövləti ilə həmrəyliyini, çətin anlarda belə sağlam düşüncələrlə düzgün hərəkət etmək iqtidarında olduğunu bir daha ortaya qoydu”.

Millət vəkili vurğulayıb ki, ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 24-nün bu məsələdə eyni mövqe sərgiləyərək verdiyi bəyanat taleyüklü məsələlərdə siyasi baxışların deyil, ümumxalq maraqlarının əhəmiyyətli olduğunu təsdiq edir:

“Lakin təəssüflər olsun ki, bu ümumxalq kədərindən  belə, spekulyasiya vasitəsi kimi istifadə etməyə çalışaraq, rəyçaşdırıcı arqumentlər irəli sürərək, şübhə toxumları əkənlər var.

Çox sayda insan itkisiylə nəticələnən bu təyyarə qəzasından belə, divident əldə etməyə çalışmaq nə etik, nə insani, nə də milli ölçülərə sığmır. Belə bir məqamda nümayiş etdirilən radikallıq üzücü və olduqca utancvericidir.

Təyyarə qəzasında həyatını itirənlərə bir daha Allahdan rəhmət, hər birimizə səbr diləyirik. Başın sağ olsun, Vətən!”.

Избранный
5
cebheinfo.az

1Источники