RU

Rəsmi Bakının Kremldən gözləntisi: Azərbaycandan üzr istəməlidir…

AZAL-ın Bakı-Qroznı reysi üzrə uçan təyyarənin Çeçenistan səmasında vurulduğu təkzibolunmaz faktlarla təsdiq olundu. Hazırda hadisənin araşdırılması və “qara qutu”nun öyrənilməsi prosesi gedir və istintaqın yekununda fərqli nəticənin çıxmayacağı aydındır.

KONKRET.az xəbər verir ki, mediada hadisənin ilkin araşdırmalarına dair yayılan məlumatlar da bunu deməyə əsas verir. Belə ki, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb. Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.

Bəllidir ki, məqsəd mülki təyyarənin qəsdən vurulması deyil. Burada səhvin olduğu hər kəs tərəfindən qəbul edilir. Çünki Rusiya HHM Ukrayna PUA-larını vurmağa çalışıb. Dekabrın 25-i səhər saatlarında Ukrayna PUA-larının Qroznıya hücumu haqda məlumatlar var. Bunu Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov da təsdiq edir.

Eyni zamanda, dekabrın 26-da Çeçenistan rəhbəri Ramzan Kadırovun Həmzət Kadırovu təltif etməyi də bununla bağlıdır.

Nəticə etibarilə, Rusiya HHM-i PUA-ları vurmaq istəyərkən, AZAL-a məxsus mülki təyyarəni də vurublar və təyyarə idarəetməsini itirərək, qəzaya uğrayıb.

Rusiya tərəfinin səhvi ilə yanaşı, beynəlxalq hüquqa uyğun olmayan addımları da nəzərdən qaçmır.

Birincisi, təyyarənin Qroznı hava limanına eniş etməsinə imkan vermir, halbuki, bu olsaydı bəlkə də heç bir itki olmayacaqdı.

İkincisi, təyyarəni bilərəkdən Xəzər dənizi istiqamətinə yönəldirlər. Bunun məhz niyə edildiyi aydın olmasa da, məqsədin təyyarənin dənizə düşməsi və vurulma faktının bu yolla gizlədilməsi ola biləcəyi ehtimalı var.

Üçüncüsü, Rusiya dron hücumlarına rağmən Çeçenistan hava məkanını bağlamayıb. Nəticədə böyük faciəyə yol açıblar.

Rusiya tərəfinin baş verənləri etiraf etmək istəmədiyi görünür. Halbuki, hər şey ortadadır. Rusiya mediası da təyyarənin Çeçenistanın hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bir neçə hərbi hissənin yerləşdiyi Naurski rayonu üzərində vurulduğunu yazır.

Burada atıla biləcək yeganə addım Rusiyanın təyyarənin vurulmasını etiraf etməsi və Azərbaycandan üzr istəməsidir. Bu, beynəlxalq hüququn və ikitərəfli münasibətlərin məntiqindən irəli gəlir.

Dünyada mülki təyyarənin səhvən vurulması hadisələri dəfələrlə olub. Bu cür hadisələrdə adətən səhvi edən ölkə təyyarənin məxsus olduğu ölkədən üzr istəyir, təzminat ödəyir və günahkarları cəzalandırır. Azərbaycanın Rusiyadan gözlədiyi də məhz budur: etiraf etməli və üzr istəməlidir. Bu, ikitərəfli münasibətlərdə etimad mühitinin qorunması baxımından da əhəmiyyətlidir./demokrataz

Избранный
8
1
konkret.az

2Источники