RU

Bu gün Mikayıl Müşfiqin anım günüdür

Bu gün   Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin anım günüdür. 

 

AzEdu.az xatırladır ki, M.Müşfiq azad fikirləri, arzularına görə Stalin repressiyasının qurbanı olub.

 

Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

 

Ötən əsrin birinci yarısının sənətkarları nəslinə mənsub olan istedadlı şair çox qısa bir ömür yaşamasına baxmayaraq Azərbaycan poeziyasının inkişafında, onun yeni mövzu, bəşəri məzmunla zənginləşməsində böyük rol oynayıb.

 

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya gəlib. M.Müşfiq bədii yaradıcılığa çox gənc yaşlarından başlamış, ilk şeiri 1926- cı ildə çap olunmuşdur. Qısa müddətli yaradıcılıq dövründə şairin on şeirlər kitabı çap olunmuşdur. M.Müşfiq qələmindən çıxmış bütün lirik şeirlər və poemalar yetkin sənət nümunələri olub, Azərbaycan poeziyasını zənginləşdirən bədii əsərlərdir. Müasirlik, coşqun hisslər, yüksək ilham və həyat sevgisi bu əsərlərin əsas səciyyəsi, onları dəyərləndirən əlamətlərdir. M.Müşfiq maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyub.

 

Gələn il- 2023-cü il iyun ayının 5-də şair Mikayıl Müşfiqin 115 yaşı tamam olacaq. Xatırladaq ki, 17 may 2018-ci ildə şairin 110 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdı.

Sovet imperiyasının repressiya qurbanı olmuş Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib və 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb. 

Избранный
62
azedu.az

1Источники