RU

“Həm müsəlmanıq, həm də yolka qurmuşuq” kimi yanaşmalar..." — İlahiyyatçıdan açıqlama

"Biz bilirik ki, İslam dini fərdlərə geniş bir həyat perspektivi təqdim edən və hər bir məsələni hikmətə dayalı şəkildə izah edən bir inanc sistemidir. Bayramlar və onların qeyd olunması məsələsi də həm dini, həm də mədəni aspektləri ehtiva edir. Tiktokda müşahidə edilən “yolka ilə yanaşı Qurani Kərimin göstərilməsi” kimi tendensiyalar bu məsələyə müxtəlif prizmalardan yanaşmağı zəruri edir. Bu sualla bağlı bir neçə əsas məqamı ətraflı izah etmək istəyirəm".

Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 

"İslamda bayram anlayışı dini dəyərlər və inanclar əsasında formalaşıb. Ramazan və Qurban bayramları bu dini əsasların nümunələridir. Hər iki bayram, müsəlmanların Allaha ibadət, şükür və insanlara yardım etmək kimi dini və əxlaqi dəyərlərini ifadə edir. Bununla yanaşı, digər bayramlar, xüsusilə mədəni və milli bayramlar, bir xalqın tarixini, adət-ənənələrini və milli kimliyini yaşatma vasitəsi kimi qəbul edilir. Lakin qeyri-İslami kökənli bayramların qeyd olunması məsələsi İslam alimləri arasında müzakirələrə səbəb olmuşdur". 

Onun sözlərinə görə, Yeni İlin mənşəyi xristianlıqla bağlı olsa da, günümüzdə daha çox dünyəvi xarakter daşıyır:

"Əksər insanlar üçün bu bayram dini deyil, təqvimdə yeni bir ilin başlanğıcını qeyd etmək məqsədi daşıyır. Buna baxmayaraq, İslamda hər bir davranış niyyətlə ölçülür. Əgər Yeni il bayramını qeyd edən müsəlman bu hərəkəti bir əyləncə, istirahət və ya ailəvi birlik kimi görürsə, lakin bu bayramı dini inanclara uyğunlaşdırmırsa, bu məsələyə fərqli yanaşmaq mümkündür. “Həm müsəlmanıq, həm də yolka qurmuşuq” kimi yanaşmalar, davranışlar bəzi insanlar tərəfindən öz mədəni və dini kimliyini qarışıq şəkildə ifadə etmə cəhdi kimi görülə bilər".

O bildirib ki,  Qurani Kərim, müsəlmanlara açıq şəkildə öz dinlərini yaşamağı və başqalarının inanclarına hörmət etməyi tövsiyə edir:

"Burada əsas məsələ, bu cür nümayişlərin müsəlman kimliyini zədələməməsi və dini dəyərlərə hörmətsizlik etməməsidir. Əgər bu hərəkət dini şüarların təhrif olunmasına və ya yanlış anlaşılmasına səbəb olursa, bu, qəbul olunmaz hesab edilə bilər.İslam dini öz inanclarını başqa inanclardan ayıran prinsipial qaydalara malikdir. Peyğəmbərimiz (s.ə.s) bir hədisində buyurur: “Kim bir qövmə bənzərsə, onlardandır.” (Əbu Davud, Libas, 4). Bu hədis, müsəlmanların öz dini kimliklərini qorumalarını tövsiyə edir. Buna görə də, digər dinlərə və ya mədəniyyətlərə aid bayramların qeyd olunması müsəlmanlar arasında narahatlığa səbəb ola bilər. Qlobalizasiya dövründə müxtəlif mədəniyyətlərin bir-birinə təsiri qaçılmazdır. Bəzi insanlar, xüsusilə gənc nəsil, bu bayramları bir əyləncə və ya sosial fəaliyyət kimi qəbul edir. Ancaq burada diqqət edilməli əsas məqam, bu təsirin dini inanclara zərər vurmamasıdır.İslam dini insanlara təmkinli və balanslı yanaşma tövsiyə edir. Yeni il və ya digər bayramların qeyd olunması şəxsi seçimdir. Əsas olan, bu seçimlərin İslami prinsiplərə və əxlaqi dəyərlərə uyğun olmasıdır. Quranın və ya İslami simvolların yanlış kontekstlərdə istifadə olunması isə dinin müqəddəsliyini zədələyə bilər və buna diqqət edilməlidir.Bu məsələni düzgün anlamaq üçün insanlara maarifləndirmə yolu ilə doğru istiqamət vermək, həm dini dəyərləri qorumaq, həm də mədəni müxtəlifliyə hörmətlə yanaşmağı öyrətmək lazımdır".


Əfsanə Kamal
Demokrat.az
Избранный
37
demokrat.az

1Источники